Şuşa Qlobal Media Forumunda paralel tədbir keçirilib

ÖLKƏ
22:40 / 13.07.2026
148

4-cü Şuşa Qlobal Media Forumu çərçivəsində “Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər” mövzusunda paralel tədbir keçirilib.

Milli Kibertəhlükəsizlik Agentliyinin nümayəndəsi Həvva Hüseynlinin moderatorluğu ilə keçirilən paralel tədbirdə Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyətinin sədri Fərid Zeynalov, Sosial media təlimçisi və tədqiqatçısı Dr. Karen Sutherland, “TikTok”-un Şərqi Avropa üzrə ictimai siyasət və qövlət qurumları ilə əlaqələr direktoru Diana Ryan, LinkedIn şirkətinin ictimai sektor, səhiyyə sahəsi və qeyri-kommersiya satışı üzrə rəhbəri Seamus Clancyspiker qismində çıxış ediblər.

Müzakirələr zamanı rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin formalaşdırılması, kibertəhlükəsizlik sahəsində mövcud çağırışlar, dezinformasiya ilə mübarizə mexanizmləri, sosial media platformalarının məsuliyyəti, sosial mediadan istifadəyə münasibətdə milli qanunvericilikdə yaş məhdudiyyətlərinin tətbiqi təcrübəsi, istifadəçilərin şəxsi məlumatlarının qorunması, rəqəmsal platformalarda təhlükəsizliyin təmin edilməsi, eləcə də istifadəçilərin rəqəmsal və media savadlılığının artırılması istiqamətində görüləcək tədbirlər ətrafında geniş müzakirələr aparılıb.

Çıxışçılar qeyd ediblər ki, informasiya texnologiyalarının sürətli inkişafı və rəqəmsal platformaların həyatın bütün sahələrinə nüfuz etməsi yeni imkanlarla yanaşı, kibertəhlükələr, məlumat manipulyasiyası və dezinformasiyanın yayılması kimi riskləri də artırır. Bu baxımdan dövlət qurumları, texnologiya şirkətləri, media nümayəndələri və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Tədbir iştirakçıları təhlükəsiz və dayanıqlı informasiya ekosisteminin qurulması, rəqəmsal platformalarda məsuliyyətli davranışın təşviqi və müasir təhdidlərə qarşı effektiv cavab mexanizmlərinin formalaşdırılması ilə bağlı fikir və təcrübələrini bölüşüblər.

 

0