Bakı Qızlar Universiteti bağlanmaq təhlükəsi ilə üz-üzədir. Belə ki, İnstitusional akkreditasiya qiymətləndirilməsinin yekun nəticəsində Bakı Qızlar Universiteti "uyğun deyil" olaraq qiymətləndirilib və Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"na uyğun müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul olunub.
Universitetlərin lisenziyalaşdırılması prosesi və yaranan problemlər
Yerli ali təhsil müəssisələrinin lisenziyalaşdırılması beş ildən bir həyata keçirilir. Beş il tamam olduqda universitet öz göstəricilərini və tələb olunan sənədlərlə bağlı öhdəliklərini təqdim edir.
Bunu mövzu ilə bağlı Trend-ə açıqlamasında təhsil üzrə ekspert Elmin Nuri bildirib. Ekspertin sözlərinə görə, tələblərə cavab verilmədiyi halda isə lisenziyanın verilməsi ləngiyir və ya lisenziya verilmir:
"Zaman-zaman bir neçə universitetin timsalında bunun şahidi olmuşuq. Sonuncu belə nümunə Təfəkkür Universiteti idi. Bu gün isə daha bir məyusedici xəbərlə qarşılaşdıq. Belə ki, Bakı Qızlar Universiteti də bağlanmaq təhlükəsi ilə üzləşib. Universitetin lisenziya almasında ciddi problem yaranıb və qısacası, ali təhsil müəssisəsi lisenziya ala bilməyib”.
Universitetin bağlanması abituriyentlər üçün hansı problemləri yarada bilər?
Elmin Nuri qeyd edib ki, Azərbaycanda universitetlərin sayı çox deyil və özəl ali təhsil müəssisələrinin sayı daha azdır. Onlardan birinin də bağlanması, xüsusilə ixtisas seçimi və tələbələrin yerləşdirilməsi prosesində müəyyən problemlər yarada bilər:
"Çünki Bakı Qızlar Universitetində də bir sıra ixtisaslar üzrə müəyyən plan yerləri var idi. Əgər həmin plan yerləri digər universitetlərə köçürülərsə, abituriyentlərin ciddi problemlərlə üzləşməsinin qarşısı müəyyən qədər alına bilər. Lakin universitetin lisenziya ala bilməməsi, təhsilin keyfiyyətindən asılı olmayaraq, vəziyyəti daha da mürəkkəbləşdirir.
Lisenziyalaşdırma zamanı müəyyən şərtlərə, lisenziya tələblərinə, beynəlxalq reytinq göstəricilərinə uyğunluq, həmçinin daxili məsələlər, maliyyə öhdəlikləri və digər meyarlar yoxlanılır. Universitet lisenziya ala bilmədikdə isə həmin təhsil müəssisəsinin fəaliyyətinin hüquqi əsasları ilə bağlı problem yaranır”.

Hazırkı tələbələrin taleyi necə olacaq?
Ekpert bildirib ki, lisenziya dövlət tərəfindən verilən və özəl sahibkarlıq subyektinə təhsil fəaliyyəti ilə məşğul olmaq üçün hüquqi əsas yaradan icazə sənədidir. Akkreditasiyadan keçməyən və ya üzərinə düşən öhdəlikləri tam yerinə yetirə bilməyən universitet belə bir reallıqla üzləşə bilər.
"Belə hallarda sonuncu qəbul olunan tələbələr təhsillərini başa çatdırana qədər universitetin fəaliyyətini davam etdirməsi mümkündür. Məsələn, ötən il Bakı Qızlar Universitetinə qəbul olunan tələbələr bu il birinci kursu başa vurublar.
Bu vəziyyətdə iki variant yarana bilər. Birinci variantda universitet sonuncu qəbul olunan tələbələr təhsillərini başa çatdırana qədər fəaliyyətini davam etdirə, daha sonra isə fəaliyyətini dayandıra bilər. İkinci variantda isə universitet fəaliyyətini tamamilə dayandıraraq tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi həyata keçirilə bilər.
Lakin birinci variantın reallaşması ehtimalı daha yüksək görünür. Təfəkkür Universitetinin bağlanması zamanı da oxşar proses baş vermişdi”.
Qeyd edək ki, plan yerləri Nazirlər Kabineti tərəfindən təsdiqləndikdən sonra DİM-ə göndərilir və "Abituriyent 4” jurnalında dərc olunur. Hələ ki, jurnal dərc olunmadığı üçün plan yerləri barədə məlumat yoxdur.
Xatırladaq ki, magistratura təhsili üzrə plan yerləri açıqlanıb və Bakı Qızlar Universiteti bu il magistr qəbul etməyəcək.


