“Valideynlər uşaqlarına “yox” deyəndə və ya nəyisə qadağan edəndə mütləq şəkildə onun səbəbini izah etməli, eləcə də alternativ təqdim etməyi bacarmalıdırlar”.
Bu sözləri psixoloq Səbinə Şirəlizadə Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, yalnız bu halda uşağın inkişafını düzgün dəstəkləmək mümkündür:
“Hər bir valideyn övladını qorumaq məqsədailə müəyyən qadağalar tətbiq edir. Lakin bəzən valideyn fərqində olmadan sadəcə “yox” kəliməsindən istifadə edir və onun izahını vermir. Bu yanaşma isə uşağın gələcəyinə və psixologiyasına ciddi mənfi təsirlər göstərə bilər. İlk növbədə onun özünə inamını sarsıdır. Nəzərə alın ki, uşağa səbəbsiz yerə “yox” dedikdə və ya “sən bacarmarsan” mesajı verdikdə, onda qərar verərkən səhv etmək qorxusu formalaşmağa başlayır.
Həmçinin, kiçik yaşlardan seçimlərinə “yox” deyildikdə, uşaqlar 18 yaşından sonra da valideynlərindən icazə gözləyirlər. Hətta sadə seçimlər etməkdə belə çətinlik çəkir, öz yerlərinə yenidən valideynlərinin qərar verməsini istəyirlər. Bundan başqa, bu şəkildə böyüyən uşaq “yox” deməyi və öz sərhədlərini qorumağı öyrənmir. Nəticədə, bu hal böyüyəndə başqalarının onu asanlıqla manipulyasiya etməsinə şərait yaradır”.
Ekspert qeyd edib ki, qadağalarla böyüyən uşaqda duyğuların basdırılma və depressiya riski də yüksək olur:
“Həyatımızda ən vacib məqamlardan biri duyğularımızdır. Lakin valideyn “yox” dedikdə uşaq heyrət və sevincini basdırmağa məcbur olur. Nəticədə uşaqda qəzəb hiss yaranır və bu basdırılmış duyğular sonradan emosional partlayışlara və ya depressiyaya yol açır. Eyni zamanda, insan təbiəti etibarilə qadağalara meyllidir. Yəni valideyninin nə üçün “olmaz” dediyini anlamayan uşaq həmin qadağan olunmuş əməli valideynindən gizli şəkildə etməyə başlayır.
Bundan əlavə, çox qadağaya məruz qalan uşaq valideynləri ilə ünsiyyəti azaldır. Xüsusilə buna 13-15 yaşdan sonra daha çox rast gəlinir. Düşünürlər ki, ailələrinə desələr, icazə verilməyəcək. Bununla da hər şeyi ailədən gizlətməyə və gizli formada etməyə vərdiş edirlər”.
Psixoloq valideynlərə tövsiyə də verib:
“Uşağınıza qadağa qoyduğunuz zaman mütləq onun izahını və əsas məqsədini bildirin. Qadağan olunan şeyin müsbət tərəfləri olsa belə, onun uşağa niyə ziyan olduğunu başa salmalısınız.
O zaman övladınız bunu başa düşəcək və qadağanı anlayışla qarşılayacaq. Əlbəttə ki, bu birdəfəyə baş verməyəcək. Bunun üçün də valideyndən böyük səbr və izahları dəfələrlə təkrar etmək tələb olunacaq”.
Pərviz



