ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın müharibənin dayandırılması ilə bağlı razılığa gəlməyə hazır olduğunu iddia edib. Bununla belə, Ukrayna tərəfinin danışıqlarda iştirak edən nümayəndələri Ağ Ev rəhbərinin nikbin mövqeyini bölüşmür.
HİT.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Tramp bu fikirləri “Financial Times” qəzetinə müsahibəsində səsləndirib. O, Kiyev və Moskva arasında sülh danışıqlarının irəlilədiyini düşündüyünü bildirib.
“Düşünürəm ki, hər iki tərəf artıq ‘Gəlin razılaşaq’ deməyə hazırdır”, - deyə ABŞ prezidenti vurğulayıb.
Tramp müsahibəsində Rusiya-Ukrayna müharibəsini digər silahlı münaqişələrlə də müqayisə edib. O, ABŞ-ın İranla müharibə vəziyyətində olmadığını, bunun Ukraynadakı müharibədən və Birinci, İkinci dünya müharibələrindən fərqləndiyini qeyd edib.
“Financial Times”ın məlumatına görə, Ukrayna nümayəndələri isə danışıqların nəticələri ilə bağlı Tramp qədər nikbin deyil.
Qeyd edək ki, noyabrın 10-11-də ABŞ-ın vasitəçiliyi ilə Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin texniki səviyyədə üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır. Rusiya nümayəndə heyətinə Vladimir Medinskinin rəhbərlik edəcəyi bildirilir.
Ukrayna Prezidenti Volodimir Zelenski görüşlərin üçtərəfli formatda keçirilməsinə baxmayaraq, Avropanın da müəyyən formada prosesdə iştirak etdiyini bildirib. Almaniya kansleri Fridrix Merts isə Avropa ölkələrinin Ukrayna ilə bağlı danışıqlar masasında təmsil olunmasının vacibliyini vurğulayıb.
Samir


