Mərkəzi Avropaya, o cümlədən Polşaya yaxın günlərdə Arktikadan soyuq hava kütlələri daxil olacaq. Noyabrın ilk ongünlüyündə bəzi bölgələrdə temperaturun gecə saatlarında mənfi 13 dərəcəyədək düşəcəyi gözlənilir.
HİT.az xəbər verir ki, bu barədə Polşanın “DobraPogoda24.pl” nəşri məlumat yayıb.
Proqnoza görə, noyabrın 5-dən 10-dək Mərkəzi Avropada kəskin soyuma müşahidə olunacaq. Buna şimaldan gələn Arktik hava axınları və atmosferdə antisiklonun təsiri səbəb olacaq. Eyni zamanda, qitənin şimal-şərqində formalaşan siklon da soyuq hava kütlələrinin bölgəyə yayılmasına şərait yaradacaq.
Soyuq hava dalğasının ilk əlamətləri artıq Skandinaviya ölkələrində qeydə alınıb. Norveçin Folldal bölgəsində temperatur mənfi 8, Qrotlidə isə mənfi 7,9 dərəcəyə qədər enib. Yaxın günlərdə bu hava kütlələrinin Polşaya çatacağı bildirilir.
Proqnoza əsasən, əksər ərazilərdə gecə temperaturu mənfi 1-10 dərəcə arasında dəyişəcək. Xüsusilə düzənliklərdə, dağətəyi və dağlıq ərazilərdə şaxtanın 11-13 dərəcəyədək güclənməsi mümkündür.
Mütəxəssislər bildirirlər ki, soyuğun şiddəti buludluluqdan asılı olacaq. Səmanın açıq olduğu ərazilərdə yer səthi daha sürətlə soyuyacağından şaxta güclənəcək. Buludlu bölgələrdə isə temperaturun daha yüksək qalacağı gözlənilir.
Məlumata görə, Mərkəzi Avropanın bəzi hissələrində temperatur iqlim normasından 4-11 dərəcə aşağı olacaq. Gecə şaxtalarının ən azı noyabrın 10-dək davam edəcəyi, bundan sonra isə antisiklonun zəifləməsi və atmosfer cəbhələrinin təsiri ilə havanın tədricən isinməyə başlayacağı proqnozlaşdırılır.
Samir


