İnsan hüquqlarından danışan Avropada etirazlar BÖYÜYÜR

SİYASƏT
14:10 / 04.11.2026
211

“Dünyaya demokratiya, insan hüquqları, söz azadlığı dərsi keçən Avropa bu gün öz küçələrində artan etirazların, sosial narazılığın və siyasi etimadsızlığın girovuna çevrilib”.

Bu sözləri Azad Vətən Partiyasının Siyasi Şurasının sədri, siyasi şərhçi Novruz Novruzov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, uzun illərdir xarici siyasətini demokratiya, insan hüquqları, söz və ifadə azadlığı, hüququn aliliyi prinsipləri ilə həyata keçirən Avropa bu gün sanki bu mövqeyinin üzərindən xətt çəkib:


“Dünyanın müxtəlif bölgələrində baş verən siyasi və ictimai proseslərə münasibət bildirərkən Avropa dövlətləri tez-tez bu prinsiplərə istinad edir, başqa ölkələrdən də həmin standartlara əməl etməyi tələb edirlər. Lakin son dövrlərdə Avropanın özündə baş verən hadisələr bir sıra ciddi suallar doğurur. Görünür, demokratiyanı başqalarına tövsiyə edənlər onun bütün tələblərinə öz ölkələrində əməl edə bilmirlər.

Bu ilin payızında Avropanın müxtəlif ölkələrində genişlənən etiraz aksiyaları bu sualı yenidən gündəmə gətirib. Fransa, İtaliya, İspaniya, Portuqaliya, Belçika və digər ölkələrdə küçələrə çıxan insanlar təkcə iqtisadi çətinliklərə deyil, həm də dövlət siyasətinə, sosial ədalətsizliyə, siyasi qərarların qəbulunda cəmiyyətin mövqeyinin nəzərə alınmamasına etiraz edirlər”.

Ekspert qeyd edib ki, Avropanın müxtəlif ölkələrində gənclərin etirazlarının əsas səbəbləri yaşayış xərclərinin artması, mənzil problemi, korrupsiya, təhsil müəssisələrinin vəziyyəti, iş imkanlarının məhdudluğu və hakimiyyət tərəfindən eşidilməməkdir:
“Oktyabrın 30-da isə İtaliyanın 40-dan çox şəhərində on minlərlə insanın iştirakı ilə keçirilən aksiyalarda əməkhaqlarının artırılması, səhiyyə və təhsil xidmətlərinin yaxşılaşdırılması, həyat şəraitinin yüksəldilməsi tələb olunub. Bu mənzərə göstərir ki, Avropa cəmiyyətlərinin qarşılaşdığı problemlər artıq ayrı-ayrı sosial qrupların narazılığı çərçivəsindən çıxaraq daha geniş ictimai xarakter almaqdadır.

Avropa ölkələri uzun müddət yüksək həyat səviyyəsi, sosial təminat, keyfiyyətli səhiyyə və təhsil sistemləri ilə nümunə predmeti olub. Lakin bugünkü reallıq bu modelin ciddi sınaqlarla üzləşdiyini göstərir”. 

Həmsöhbətimiz diqqətə çatdırıb ki, ərzaq məhsullarının, enerjinin, kommunal xidmətlərin və mənzil kirayələrinin bahalaşması, əməkhaqlarının isə bir çox hallarda bu artımı kompensasiya edə bilməməsi əhalinin geniş təbəqələrini çətin vəziyyətə salıb:
“Xüsusilə gənclər üçün mənzil əldə etmək, sabit iş tapmaq və müstəqil həyat qurmaq getdikcə mürəkkəbləşir. Demokratiya yalnız seçki məntəqələrində səs verməkdən ibarət deyil. İnsanların layiqli əməkhaqqı, əlçatan mənzil, keyfiyyətli səhiyyə və təhsil imkanlarına malik olması da demokratik cəmiyyətin sosial məzmununun mühüm hissəsidir.

Demokratik dövlətin ən mühüm göstəricilərindən biri hakimiyyətin tənqidə və ictimai etiraza münasibətidir. Hakimiyyətin siyasəti ilə razılaşmayan vətəndaşlar öz mövqelərini sərbəst ifadə edə bilmirlərsə, söz və ifadə azadlığının real vəziyyəti barədə ciddi müzakirələr aparmaq zərurəti yaranır”.

N. Novruzov vurğulayıb ki, dövlətin vəzifəsi həm ictimai asayişi qorumaq, həm də dinc etiraz hüququnu təmin etməkdir:
“Məhz bu məqam Avropa demokratiyasının ən ciddi sınaqlarından biridir. Avropanın beynəlxalq siyasətində ən çox aşınmış məsələlərdən biri də insan hüquqlarına münasibətdə ikili standartlar tətbiq etməsidir. 

Avropa dövlətləri dünyanın müxtəlif bölgələrində insan hüquqlarının pozulmasını tənqid edir, siyasi azadlıqların təmin olunmasını tələb edir, bəzi hallarda isə sanksiyalar və digər siyasi mexanizmlərdən istifadə edirlər. Lakin eyni prinsiplərin Avropanın öz daxilində baş verən hadisələrə münasibətdə tətbiqi görünmür”.

Müsahibimizin sözlərinə görə, Avropada baş verən etirazların ortaya çıxardığı digər mühüm məsələ cəmiyyətin siyasi qərarların qəbulunda real iştirakıdır:
“Demokratik ölkələrdə seçkilərin keçirilməsi, parlamentlərin fəaliyyəti, siyasi partiyaların mövcudluğu mühüm institutlardır. Lakin demokratiyanın keyfiyyəti yalnız bu institutların mövcudluğu ilə ölçülə bilməz. Əgər insanlar seçkilərdən sonra onların sosial problemlərinin həll edilmədiyini düşünürlərsə, hakimiyyətin qərarlarına təsir imkanlarının məhdud olduğunu hiss edirlərsə, ictimai narazılıq qaçılmaz olur. 

Yəni, demokratiya yalnız seçkilərdən ibarət deyil. Vətəndaşlar bunu gündəlik həyatlarında, hökumətin siyasətində görməlidirlər. Avropada gənclərin etirazlarında da bu narazılıq açıq görünür. Onlar yalnız daha yüksək əməkhaqqı və ucuz mənzil tələb etmirlər. Eyni zamanda, gələcəklərinin siyasi və iqtisadi qərarların qəbulunda nəzərə alınmasını istəyirlər.

Düzdür, Avropada yaranmış demokratik təsisatlar cəmiyyətin inkişaf göstəricisi olub. Lakin bu təsisatlar cəmiyyətdə özünəvurğunluq hissini yaratdığından ümumi inkişafdan geri qalmağa başlayıb. Başqalarına dərs vermək demokratiya demək deyil. Hazırda baş verən proseslər göstərir ki, demokratik idarə sistemi indiyədək olan idarə sistemlərindən yaxşıdır, amma cəmiyyətin tələbatını tam ödəməyə malik mükəmməl bir sistem deyil”.

Elmir Mustafa

0