İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-da keçirilən aralıq Konqres seçkilərinin nəticələrini şərh edərək amerikalıların İranla müharibəyə qarşı mövqe nümayiş etdirdiyini iddia edib.
HİT.az xəbər verir ki, Qalibaf bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında yazıb.
“Vicdan, yoxsa həyatın dəyəri – amerikalılar müharibəyə ‘yox’ dedilər. Biz bu mesajı dəstəkləyirik”, – deyə o bildirib.
İran parlamentinin spikeri eyni zamanda ABŞ hökumətini cəmiyyətin iradəsinə zidd addımlar atmamaq barədə xəbərdar edib. Onun sözlərinə görə, Vaşinqton ictimaiyyətin mövqeyinə məhəl qoymasa, bunun nəticələri ABŞ üçün ağır ola bilər.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-da Konqresə aralıq seçkilər keçirilib. Səsvermə zamanı Nümayəndələr Palatasının bütün üzvləri və Senatın təxminən üçdə biri seçilib.
ABŞ mediasının proqnozlarına görə, Demokratlar Partiyası Senatda ən azı 51 yer əldə edə bilər. Respublikaçıların Nümayəndələr Palatasında da çoxluğu itirmək ehtimalı müzakirə olunur. Belə bir nəticə Prezident Donald Trampın siyasi gündəliyini həyata keçirmək imkanlarına təsir göstərə bilər.
Bununla belə, Qalibafın amerikalı seçicilərin İranla müharibəyə qarşı səs verdiyi barədə fikri onun seçki nəticələrinə verdiyi siyasi şərhdir. Seçkilərin rəsmi nəticələri isə özlüyündə belə bir mövqenin birbaşa təsdiqi hesab olunmur.
Samir


