“İqlim dəyişikliyi, qlobal istiləşmə artıq yalnız alimlərin, ekoloqların və araşdırma mərkəzlərinin müzakirə etdiyi qlobal problem deyil”.
Bu sözləri “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Hit.az-a açıqlamasında deyib.
O təəssüflə bildirib ki, qlobal iqlim dəyişikliyinin fəsadları artıq gündəlik həyatımızda hiss edilməyə başlayıb:
“Havaların isti keçməsi, buzlaqların əriməsi, quraqlığın artması, hər yay hiss edilən su qıtlığı qlobal istiləşmənin fəsadlarıdır. 4 sənaye inqilabı insanlğı xeyli irəli aparsa da, çox təəssüf ki, ciddi fəsadlar da verib. Elmi-texniki tərəqi həyatımızı asanlaşdırıb, amma təmiz havamızı əlimzidən alıb, su ehtiyatlarımız məhdudlaşıb. Sənayeləşmə, şəhərləşmə günümüzün reallığıdır.
XXI əsrin insanı şəhərlərdə yaşamaq, hər yerə avtobobillə getmək istəyir. İnsan getdikcə torpaqdan uzaqlaşır və bütün fəaliyyətini asvalt üzərində qurur. Bu gün 10 addamdan 70-i şəhərdə yaşamaq, sənaye və ticarət, iaşə sektorunda çalışmaq istəyir.
Bu gün Azərbaycan kəndində saysız-hesabsız avtomobillər mövcuddur. Halbuki 30 il öncə 3 minlik kənddə uzağı 15 avtomobil var idi. Tərəqqi yaxşıdır, amma unutmaq olmaz ki, əkinçinin torpaqdan uzaqlaşması, çobanın sürüdən uzaq düşməsi məhsul bolluğuna mənfi təsir edir”.
Ekspert qeyd edib ki, ekoloji cəhətdən təmiz qidalar, təbii məhsullar getdikcə qəhətə çəkilir, onun yerini genetik modifikasiya olunmuş qida məhsulları tutur:
“Sənayenin genişlənməsi, əhalinin artımı, avtomobil tıxacları atmosferdə karbon emissiyasının miqdarını artırır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilir ki, iqlim dəyişikliyi artıq istilik dalğaları, meşə yanğınları, daşqınlar, quraqlıqlar və digər ekstremal hadisələri artırır. İqlim dəyişikliyi təkcə ətraf mühitə deyil, insanların sağlamlığına, ərzaq və su təminatına, yaşayış şəraitinə və iqtisadi fəaliyyətə də təsir edir.
İqlim dəyişikliyinin cari həyatda müşahida olunan təsiri heç şübhəsiz ki, temperaturun artmasıdır. 30 il qabaq müəyyən dövrlərlə məhdudlaşan yüksək temperatur indi daha uzun müddət davam edir. Güclü istilər insanın gündəlik fəaliyyətinə birbaşa təsir göstərir. İsti hava yaradıcı insanların, fiziki işlə məşğul olanların faydalı iş əmsalını aşağı salır. Ürək-damar xəstəlikləri olanlar əziyyət çəkilər. Bəzən isti havadan həyatını itirənlər də olur”.
Ekoloq diqqətə çatdırıb ki, temperaturun yüksəlməsi su ehtiyatlarının azalmasına, quraqlığa təsir edir:
“Çaylarda suyun səviyyəsi aşağı düşür. Yağıntıların rejimi dəyişir və buxarlanma artır. Ərzaq süfrəmiz iqlimdən birbaşa asılıdır. Temperaturun yüksəlməsi zəncirvari proseslərə yol açır. Quraqlıq genişlənir, şoranlıq artır, məhsuldarlıq aşağı düşür.
İqlim dəyişikliyinin insan sağlamlığına ciddi risklər yaradır. Qızmar hava dəri xəstəlikləri yaradır, insanın əhvalına təsir edir, depressiyaya yol açır. İsti havalar bir sıra xəstəlikləri yayan həşəratların, böcəklərin çoxalmasına rəvac verir”.
Elman Cəfərli əlavə edib ki, yağıntıların normadan artıq düşməsi də qlobal iqlim fəsadlarıdır:
“Yağıntıların intensivləşməsi sel və daşqınalara səbəb olur. İnsanlar evsiz qalır, kəndlinin təsərrüfat infrastrukturu dağılır, depoladığı məhsul məhv olur, tarlalar su altında qalır. Üst qatı yuyulan torpaq münbitliyini itirir, mal-davar tələf olur. İqlim dəyişikliyi şəhərlərdə də fəsadlara gətirib çıxarır. Aramsız yağışlar yol-nəqliyyat infrastrukturuna ziyan vurur, həyət evlərini su basır, kanalizasiya xəttləri dolub daşır və çirkab sulara küçələrə axır.
Bu baxımdan həm şəhərlini, həm kəndlini ziyana salan qlobal iqlim fəsadlarına qarşı hər kəs səfərbər olmalıdır. Suya qənatə etməli, yaşıllıqların qədrini bilməli, bir budağı belə qorumağa çalışmalı, meşələri, yaşıllıqları təmiz saxlamalı, ekosistemin qayğısına qalmalıyıq. Yaşadığımız planetdə dayanıqlı inkişafı təmin etmək üçün ekoloji tərbiyə olunmuş insan yetişdirməliyik”.
Elmir Mustafa



