“Bakı Metropoliteni” QSC-nin xətlərin ayrılması layihəsi ilə əlaqədar olaraq, “28 May” və “Nizami” stansiyaları arasındakı qatarların hərəkətinə avqustun 15-dən etibarən fasilə veriləcək.
“Nizami-28 May” sahəsində həyata keçiriləcək təmir və yenidənqurma işlərinin təxminən 10-11 ay davam edəcəyi bildirilir. Bu müddət ərzində həmin istiqamətdə metro xidmətindən istifadə edən çoxsaylı sərnişin alternativ nəqliyyat vasitələrinə üz tutmalı olacaq.
Mövcud vəziyyət xüsusilə tələbələrin gündəlik gediş-gəlişinə təsirsiz ötüşməyə bilər. Onların avtobuslardan daha çox istifadə etməsi yollarda sərf olunan vaxtın uzanmasına və nəqliyyat üçün əlavə xərc yaranmasına gətirib çıxara bilər.
Nəqliyyat eksperti Raqif Raufoğlu Hit.az-a açıqlamasında deyib ki, metro ilə avtobusun funksiyasını eyniləşdirmək düzgün olmaz:

“Avtobuslar metronun yaratdığı nəqliyyat imkanını tam şəkildə kompensasiya edə bilməz, sadəcə sərnişin axınının müəyyən hissəsinin yönləndirilməsi hesabına yaranacaq yükü qismən azaltmağa çalışacaqlar. Tələbələrin bir qismi isə alternativ nəqliyyat vasitələrinə, o cümlədən velosiped və skuterlərə müraciət edə bilər. Xüsusilə “Nizami-28 May” istiqamətində hərəkət edən şəxslər üçün mikromobillik müəyyən hallarda daha əlverişli seçimə çevrilə bilər”.
Lakin ekspert qeyd edib ki, qarşıdakı dövrün payız və qış aylarına təsadüf etməsi bu variantın da imkanlarını məhdudlaşdırır:
“Yağıntılı və soyuq hava şəraiti velosiped və skuterdən istifadəni çətinləşdirə bilər. Bu səbəbdən sərnişinlər üçün alternativ marşrutların indidən müəyyənləşdirilməsi və həmin istiqamətlər üzrə ekspres nəqliyyat imkanlarının əvvəlcədən dəqiq hesablanması vacibdir. Məsələn, Gənclikdən Elmlər Akademiyasına hansı alternativlərlə və nə qədər müddətə getməyin mümkün olduğu barədə əvvəlcədən məlumatın olması sərnişinlərin planlarını daha rahat qurmasına imkan verər”.
Ekspertin sözlərinə görə, qarşıdakı dövrdə yaranacaq çətinliklərin minimuma endirilməsi üçün həm aidiyyəti qurumların, həm də sərnişinlərin üzərinə müəyyən məsuliyyət düşür:
“Hər kəs öz imkanları çərçivəsində alternativ variantları əvvəlcədən nəzərdən keçirməlidir. Yerüstü nəqliyyata əlavə tələbin yaranması onsuz da sıxlıq problemi yaşayan Bakı yollarında hərəkətin intensivliyini daha da artıra bilər.
Bu səbəbdən metroda yaranacaq fasilənin kompensasiyası üçün yalnız avtobuslara arxalanmaq kifayət etməyəcək və əlavə nəqliyyat həllərinin tətbiqinə ehtiyac yaranacaq. Ümumilikdə isə qarşıdakı 10-11 ayın həm sərnişinlər, həm də şəhər nəqliyyatı baxımından kifayət qədər mürəkkəb keçəcəyi gözlənilir”.
Günel Cəlilova


