Din insan həyatında yalnız inanc məsələsi deyil, həm də mənəvi dəyərlər, davranış qaydaları və cəmiyyətlə münasibətlər baxımından mühüm rol oynayır.
Bəs insan dini inanc olmadan da mənalı və əxlaqlı həyat yaşaya bilərmi? Din cəmiyyətdən tamamilə çəkilsə, hansı dəyişikliklər baş verə bilər? Dünyada dinsiz cəmiyyətlər necə yaşayır? Bu suallar din, əxlaq və cəmiyyət münasibətlərini yenidən düşünməyə vadar edir.
İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında bildirib ki, din cəmiyyəti nizamlamaq, insanlara həm yaradıcını tanıtmaq həm də inamın üsulunu təqdim etmək üçündür:

“Dinlərə inanmadan yaşayan insanlar da var. Lakin din mənəvi yöndən insana ruh verir, yaşama məna, dəyər qatır. Xüsusən qədimdə və orta əsrlərdə din həm də partiya, ictimai təşkilatlar rolunu oynayır, hətta dövlət ideologiyasının əsasları kimi qəbul edilirdi. Cəmiyyət üçün bir nizamlama həm də inanc sistemi kimi toplunun idarə olunmasında rol alırdı. İndiki dövrdə isə inanc, sosial münasibətlər və mənəvi, əxlaqi dəyərlər sarıdan istifadə olunur.
İnsanın yaranışdan fitri olaraq bir yaradıcıya, dinə inanmaq ehtiyacı olduğu üçün dinsiz cəmiyyətdə müəyyən mənəvi boşluq, aclıq hiss olunur. Sovet hakimiyyəti dövründə demək olar ki, dinlər tamamilə qadağan idi. Bu göstərdi ki, dinsizlik müsbət nəticə vermədi”.
İlahiyyatçı bildirib ki, sistemli şəkildə inam olmasa da fərdi şəkildə inanılırdı:
“Fitri ehtiyac olduğu üçün adamlar gizli də olsa inancını saxlayırdı. Dinlər cəmiyyətin mənəvi, əxlaqi rayihəsini qoruyur, sosial nizamın stabilliyini tənzimləyir, hər zaman ümid yaradır və mənəvi yöndən insanı hər zaman təskinləşdirir. Müəyyən mənada pis əməllərdən, mənfi işlərdən çəkindirir.
Din iki növbədə insanda böyük ümid yaradır və bu ümidin ardı ilə insan düz yaşamağı özünə əsas yol seçir. Əgər sonradan meydana çıxan xurafatlar və məzhəb çəkişmələri olmasa dinlər insan həyatında heç bir sistemin oynamadığı böyük rol oynaya bilər”.
Günel Cəlilova


