Yay mövsümü istirahət etmək, açıq havada daha çox vaxt keçirmək və gündəlik yorğunluğu geridə qoymaq baxımından əlverişli dövrdür.
Lakin temperaturun kəskin yüksəldiyi günlərdə uzun müddət günəşin təsirinə məruz qalmaq orqanizm üçün ciddi risklər yarada bilər. Bəs yüksək temperaturun sağlamlığa mənfi təsirlərindən uzaq qalmaqla yay fəslinin imkanlarından daha təhlükəsiz şəkildə necə yararlanmaq mümkündür?
Həkim-terapevt, tibbi ekspert Rasif Bağırov Hit.az-a açıqlamasında bildirib ki, günün ən isti vaxtına təsadüf edən 12:00 - 17:00 aralığında günəş altında uzun müddət qalmaq sağlamlıq baxımından tövsiyə edilmir və bu saatlarda dənizə getməkdən də mümkün qədər çəkinmək lazımdır:
“Güclü istilik orqanizmin qan dövranı sisteminə təsir göstərərək müxtəlif narahatlıqların yaranmasına səbəb ola bilər. Belə vəziyyətlərdə insanlarda başda ağırlıq və ağrı, gücsüzlük, ürəkbulanma və ümumi narahatlıq meydana çıxa bilər. İş şəraiti səbəbindən gün ərzində çöldə qalmalı olan şəxslər günəşdən qorunmaq üçün baş örtüklərindən istifadə etməlidirlər”.
Mütəxəssis qeyd edib ki, xüsusilə həsirdən hazırlanan şlyapalar və hava keçirməsinə imkan verən yüngül kepkalar uyğun seçim hesab olunur:
“Yüksək temperatur zamanı bədənin maye ehtiyacının artdığını nəzərə alaraq gün ərzində kifayət qədər su qəbul etmək vacibdir. Bunun üçün yalnız susuzluq hissinin yaranmasını gözləmək düzgün deyil. Bədənin temperaturunu aşağı səviyyədə saxlamaq məqsədilə boyun, baş və qoltuqaltı nahiyələrin sərin və nəm tutulması da faydalıdır”.

Həkim diqqətə çatdırıb ki, günəş altında həddindən artıq qalmaq nəticəsində yaranan günvurma vaxtında aradan qaldırılmadıqda vəziyyət sürətlə ağırlaşa bilər:
“Bu halın klinik əlamətləri şərti olaraq yüngül, orta və ağır olmaqla üç mərhələdə qiymətləndirilir. İlkin mərhələdə əsasən baş ağrısı, yorğunluq və ürəkbulanma kimi şikayətlər ön plana çıxır. Vəziyyət orta mərhələyə keçdikdə həmin əlamətlər daha qabarıq şəkildə özünü göstərir və bəzi hallarda burundan qan gəlməsi də mümkündür.
Günvurma zamanı lazımi müdaxilənin gecikdirilməsi daha təhlükəli nəticələrə gətirib çıxara bilər. Ağır hallarda zərərçəkənin şüurunda dəyişikliklər yaranır, qıcolmalar baş verə və bədən temperaturu təhlükəli həddə yüksələ bilər. Daha ağır vəziyyətlərdə tənəffüsün pozulması və ürək-damar sisteminin fəaliyyətində ciddi problemlər meydana çıxır. Nadir, lakin həyati təhlükəli hallarda ürəyin fəaliyyətinin dayanması belə mümkündür”.
Həmsöhbətimiz ilk yardım göstərilərkən əsas məqsəd zərərçəkənin bədən temperaturunun aşağı salınması və sərin mühitə keçirilməsinin vacib olduğunu söyləyib:
“Buna görə həmin şəxs dərhal günəşdən uzaq, kölgəli və sərin bir yerə aparılmalıdır. Üzərində isti və sıx geyim varsa, onların çıxarılması, baş və qoltuqaltı nahiyələrə sərin kompres tətbiq edilməsi məqsədəuyğundur. Qan təzyiqinin aşağı düşdüyü müşahidə edilərsə, ayaqların yuxarı qaldırılması kömək edə bilər. Qusma baş verdikdə isə boğulma riskinin qarşısını almaq üçün zərərçəkənin başı yana çevrilməlidir. Xüsusi risk qrupuna daxil olan şəxslərin vəziyyəti ağırlaşmadan tibb müəssisəsinə çatdırılması vacibdir”.
Günel Cəlilova


