Azərbaycanda vergi öhdəlikləri üzrə yığılan borcun həcmi ilin ilk altı ayında əhəmiyyətli dərəcədə yüksələrək 22 faizdən çox artım göstərib.
Beləliklə, vergi ödəyicilərinin büdcə qarşısında ödənilməmiş öhdəliklərinin ümumi məbləği 4 milyard manatlıq həddi keçib. Borclanmanın yüksəlməsinə müxtəlif iqtisadi və maliyyə faktorlarının təsir etdiyi bildirilir. Lakin burada diqqət çəkən əsas sual borcun ümumi məbləğindən daha çox, bu öhdəliyin hansı vergi ödəyicilərinin üzərinə düşməsidir.
Maraqlıdır, dövlət büdcəsinə olan vergi borcunun böyük hissəsini dövlət müəssisələri formalaşdırır, yoxsa əsas pay özəl biznes subyektlərinin üzərinə düşür?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, vergi borcunun 4 milyard manatı keçməsi ilk növbədə diqqətlə təhlil edilməli göstəricidir:
“Lakin yalnız ümumi məbləğin artmasına əsaslanaraq özəl sektorun və ya dövlət şirkətlərinin maliyyə vəziyyəti barədə nəticə çıxarmaq düzgün olmaz. Burada əsas məsələ borcun strukturudur: hansı hissə dövlət müəssisələrinin, hansı hissə özəl şirkətlərin, hansı hissə fiziki şəxslərin payına düşür və həmin borcların nə qədəri real ödənilməli borc, nə qədəri mübahisəli və ya icrası təxirə salınmış öhdəliklərdir.
Özəl sektor üzrə vergi borclarının artmasının səbəblərindən biri şirkətlərin dövriyyəsinin və gəlirlərinin zəifləməsi ola bilər. Xüsusilə xərclərin artdığı, kreditlərin bahalaşdığı, satışların zəiflədiyi və pul axınlarının pisləşdiyi dövrdə müəssisələr bəzən vergi ödənişlərini təxirə salmağa məcbur olurlar. Şirkət üçün vergi borcu müəyyən mənada qısamüddətli maliyyələşmə mənbəyinə çevrilir”.

Lakin ekspert qeyd edib ki, bu, yığılan borcun hamısının biznesin zərər etməsi ilə bağlı olduğu anlamına gəlmir:
“Vergi borclarının artmasında hesabat və ödəniş intizamı, hesablanmış, lakin vaxtında ödənilməmiş vergilər, vergi yoxlamalarının nəticəsində əlavə öhdəliklərin yaranması, faiz və maliyyə sanksiyaları, eləcə də müflisləşmə və ya fəaliyyətini faktiki dayandırmış şirkətlərin üzərində qalan borclar da rol oynaya bilər. Buna görə borcun nominal məbləği ilə onun iqtisadi mahiyyətini bir-birindən ayırmaq lazımdır.
Digər mühüm məsələ iri vergi ödəyicilərinin payıdır. Bir neçə iri müəssisənin böyük məbləğdə borcu ümumi statistikanı əhəmiyyətli dərəcədə dəyişə bilər. Buna görə minlərlə kiçik və orta sahibkarın nisbətən kiçik borcları ilə bir neçə iri şirkətin milyardlarla manatlıq öhdəliyini eyni kateqoriyada qiymətləndirmək düzgün deyil”.
Onun sözlərinə görə, dövlət şirkətlərinin borcları da ayrıca araşdırılmalıdır:
“Dövlət müəssisəsində yaranan vergi borcu yalnız həmin şirkətin maliyyə vəziyyətini deyil, dövlət sektorunda idarəetmə və maliyyə intizamını da əks etdirə bilər. Əgər dövlət şirkətlərinin büdcə qarşısında böyük vergi öhdəlikləri yığılırsa, burada dövlətin öz müəssisələri üzərində maliyyə nəzarətinin effektivliyi məsələsi meydana çıxır.
Özəl sektorda isə vəziyyət bir qədər fərqlidir. Vergi borcunun artması geniş miqyas alırsa, bu, biznes mühitində pul axını problemi, maya dəyərinin yüksəlməsi və müəyyən sahələrdə rentabelliyin azalması barədə siqnal ola bilər. Eyni zamanda, bəzi müəssisələrdə vergi öhdəliklərinin qəsdən gecikdirilməsi və vergidən yayınma halları da istisna edilməməlidir”.
Akif Nəsirli hesab edir ki, ona görə dövlət üçün əsas məqsəd sadəcə vergi borcunun yığılmasını sürətləndirmək yox, borcun yaranma səbəblərini müəyyənləşdirmək olmalıdır:
“Fəaliyyət göstərən və müvəqqəti maliyyə çətinliyi yaşayan şirkətlərlə faktiki fəaliyyət göstərməyən, lakin üzərində vergi borcu qalan şirkətlərə eyni yanaşma tətbiq etmək effektiv deyil. Borclar əsasən fəaliyyət göstərən özəl müəssisələrin üzərinə düşürsə, bu, biznesin likvidliyi və iqtisadi aktivlik baxımından ciddi siqnal ola bilər.
Əgər böyük hissə dövlət müəssisələrinin payına düşürsə, onda məsələ daha çox dövlət sektorunda maliyyə intizamı və idarəetmə problemi kimi qiymətləndirilməlidir. Borcun əhəmiyyətli hissəsi fəaliyyətsiz və ya problemli şirkətlərin üzərindədirsə, ümumi 4 milyard manatdan çox göstəricinin real iqtisadi yükü daha aşağı ola bilər”.
Mütəxəssis əlavə edib ki, bu səbəbdən vergi borclarının 22 faizdən çox artmasını avtomatik olaraq “özəl sektor böhrandadır” və ya “dövlət şirkətləri ödəyə bilmir” kimi təqdim etmək doğru olmaz:
“Əsas göstərici borcun məbləğindən daha çox onun strukturudur. Dövlət Vergi Xidmətinin borcları vergi ödəyicilərinin kateqoriyaları, iqtisadi fəaliyyət növləri, iri və kiçik vergi ödəyiciləri, habelə borcun yaranma səbəbləri üzrə daha detallı açıqlaması vəziyyətin real mənzərəsini ortaya çıxara bilər.
Ən vacib məsələ isə vergi borcunun artımının büdcə gəlirlərinə təsiridir. Borc nominal olaraq yüksək olsa da, onun böyük hissəsinin faktiki olaraq yığılması mümkün deyilsə, bu, büdcə üçün potensial gəlirdən daha çox problemli aktiv xarakteri daşıyır. Əksinə, fəaliyyət göstərən şirkətlərin ödəməli olduğu vergilər vaxtında yığılmırsa, bu, dövlət büdcəsinin gəlirlərinin planlaşdırılmasına və maliyyə dayanıqlığına birbaşa təsir göstərə bilər”.
Günel Cəlilova


