Nə üçün bəzən etmədiyimiz şeyləri etmiş kimi xatırlayırıq?

SAĞLAMLIQ
12:40 / 14.08.2026
229

"Bəzən etmədiyimiz şeyləri etmiş kimi xatırlayırıq".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, əslində, bu normal prosesdir:


"Çünki beynimiz hər şeyi tamamilə olduğu kimi yadda saxlaya bilməz. Beynimiz yaşadığımız hər hadisəni olduğu kimi qeyd edib sonradan bizə açıb göstərmir. Biz onun necə və nə cür olduğunu dəqiqliklə bilmirik.

Yaddaş daha çox hadisələrin hissələrini, anlıq kadrlarını, parçalarını, orada keçirdiyimiz hissləri və mənaları saxlayır. Biz həmin hissələri, oradakı parçaları xatırlayanda yenidən o emosiyalar yadımıza düşür və bütün hadisələr birləşir. Ona görə də bəzən baş verməmiş bir hadisəni baş vermiş kimi xatırlaya bilirik".

Ekspert qeyd edib ki, bu, hər zaman ciddi bir problemin göstəricisi deyil və sağlam insanlarda da zaman-zaman baş verə bilər:
"Məsələn, bir işi görməyi planlaşdırmışıq, onu dəfələrlə təsəvvür etmişik, haqqında xəyallar qurmuşuq, hətta həmin iş haqqında bəzi insanlarla danışmışıq. Beyin bir müddət sonra "etməyi düşünürəm" düşüncəsi ilə "etdim" məlumatını qarışdıra bilir və bir müddətdən sonra bu, ağlımızda baş vermiş kimi yadımızda qalır. Sözsüz ki, bunun bir neçə səbəbi var".

Psixoloq həmin səbəblərdən danışıb:
"Birincisi, oxşar hadisələrin qarışmasıdır. Hər gün eyni yerə hər hansı bir əşyamızı qoyuruqsa, bir gün həmin əşyanı haraya qoyduğumuzu xatırlamadıqda beynimiz avtomatik olaraq "yəqin ki, yenə eyni yerə qoymuşam" deyə düşünə bilər.

İkinci səbəb diqqətin bölünməsidir. İnsan eyni anda bir neçə iş görürsə, hadisə yaddaşda düzgün kodlaşdırılmaya bilər və beyin bu ehtimalları tamamlamağa çalışar. Bir neçə işə bölündüyümüz anda "Görəsən bunu belə etdimmi, bu cür oldumu?" düşüncələri beynimizə gələ bilər.


Üçüncüsü, təsəvvürün yaddaşa qarışmasıdır. Bir hadisəni çox düşünürük, təsəvvür edirik, onun haqqında danışırıq və ya başqasının danışdığı bir hadisəni öz təcrübəmizlə qarışdırırıq. Bu da yanlış xatirənin yaranmasına səbəb olur. Başqası danışanda bir anlıq fikir qarışıqlığı yaranır və bir müddətdən sonra "Görəsən biz bunu etmişikmi, bu mənim düşüncəmdə gerçəkdirmi?" kimi tərəddüdlər baş verir.

Dördüncü səbəb isə emosiyalardır. Güclü emosional vəziyyətlər yaddaşın bəzi hissələrinin daha güclü, bəzilərinin isə daha zəif saxlanılmasına səbəb olur. İnsan hadisənin hissini çox dəqiq xatırlayıb, detallarını səhv xatırlaya bilər — bu normaldır. Biz hər hansı bir hadisə yaşayarkən keçirdiyimiz emosiyanı tam dəqiqliklə xatırlasaq da, hekayənin tam necə olduğunu xatırlamaya bilərik".

Nabat Mirzəyeva vurğulayıb ki, bəzən beynimiz bizi aldada bilir:
"Müəyyən mənada yanıla, aldana bilərik. Amma bu, sözsüz ki, qəsdən olunmur. Çünki beyin yaddaşdakı boşluqları doldurmağa çalışır. Onun əsas məqsədi hadisəni arxivdən olduğu kimi çıxarmaq deyil, bizim üçün mənalı və mümkün olan bir hekayə yaratmaqdır. Məsələn, iki insan eyni hadisəni yaşaya bilər və onu tamamilə fərqli şəkildə xatırlaya bilər.

​Biz nə zaman bununla bağlı narahat olmalıyıq? Əgər ara-sıra baş verən unutqanlıqlar tez-tez təkrarlanmağa başlayırsa, insan baş verməmiş hadisələri real kimi xatırlayırsa, gündəlik həyatda ciddi çaşqınlıqlar yaranırsa, yaxınlarını, ətrafındakıları və mühüm hadisələri xatırlamaqda çətinlik çəkirsə, bu zaman mütləq bir mütəxəssisə müraciət etmək lazımdır.

Yekun olaraq, bəzən etmədiyimiz bir şeyi etmiş kimi xatırlamağımız yalan danışmağımız anlamına gəlmir. Çünki yaddaşımız hadisələri arxiv kimi saxlamır, onları yenidən qurur. Diqqətsizlik, oxşar hadisələrin qarışması, çox təsəvvür etmək, düşüncədə canlandırmaq və emosional vəziyyət bu prosesdə yanlış xatirələr yarada bilər".

Pərviz

0