Azərbaycan toylarının dəbdəbə PROBLEMİ

SOSİAL
13:08 / 14.08.2026
143

Azərbaycanda toy artıq yalnız iki insanın ailə qurması mərasimi deyil. 

Zaman keçdikcə toy həm də ailənin sosial statusunu nümayiş etdirdiyi bir mərasimə çevrilib. “Filankəsin toyunda belə olmuşdu, bizdə niyə olmasın?” düşüncəsi bir ailənin xərclədiyi məbləği digər ailəyə, digər ailənin xərclərini isə başqasına ötürür. Beləliklə, toy mərasimində ehtiyacdan çox müqayisə və rəqabət ön plana çıxır. 

Ən maraqlısı isə budur ki, insanların böyük hissəsi bu sistemdən narazıdır, amma həmin sistemi dəyişməyə ilk başlayan olmaq istəmir. Çünki sadə toy edən ailənin qarşısına dərhal “xəsislik etdilər”, “qonağa hörmət etmədilər”, “toyları yaxşı olmadı” kimi münasibətlər çıxa bilər. Yəni problem təkcə maddi deyil, həm də ictimai təzyiq problemidir.

Danılmaz faktdır ki, toy süfrəsində onlarla çeşidin olması çox vaxt qonağın real ehtiyacından daha çox “süfrənin zəngin görünməsi” məqsədinə xidmət edir. Masaya müxtəlif salatlar, isti və soyuq yeməklər, meyvələr, şirniyyatlar, içkilər və başqa nemətlər düzülür. Lakin onların əhəmiyyətli hissəsi toxunulmamış qalır. 

Nəzərə almaq lazımdır ki, hazırlanmış, lakin yeyilməyən qida sadəcə toy sahibinin cibindən çıxan pul deyil. Bunun arxasında məhsulun alınması, hazırlanması, enerji sərfiyyatı, işçi əməyi və sonda tullantıya çevrilməsi dayanır. Ona görə də toy süfrəsinin sadələşdirilməsi qonağa hörmətsizlik kimi yox, həm də israfçılığın qarşısının alınması kimi təqdim edilsə daha məqsədəuyğun olar. 

Qeyd edək ki, bir sıra ölkələrdə, o cümlədən qardaş ölkə Türkiyədə toy şənliyi təmtəraqlı masalarla deyil, süfrədə bir neçə əsas yemək, içki və desert olur. Bununla da insanlar  həm yeməyini yeyir, həm söhbət edir, həm də toyun əsas hissəsi olan musiqi və rəqsdən zövq alır. Türkiyə təcrübəsini bizim toylara tətbiq etməklə israfçılığın qarşısını almaq olar. 

Onu da bildirək ki, toylara dəvət olunan şəxslər yemək yeməyə deyil, yeni ailənin sevincini bölüşməyə gəlir. Yemək isə bu mərasimin yalnız bir hissəsidir. Toyun yadda qalması üçün 30 çeşid yemək, bahalı avtomobil karvanı vacib deyil. İnsanların illər sonra xatırladığı əsas şey çox vaxt gəlinin və bəyin sevinci, ailələrin münasibəti, musiqi, səmimiyyət və həmin gün yaşanan xoş atmosferdir. 

Eyni yanaşmanı elçilik və nişan mərasimlərinə də tətbiq etmək olar. Elçilik, nişan, xına, toy və sonrakı mərasimlərin hər birinin ayrıca böyük xərc tələb etməsi ailələr üçün ciddi maliyyə yükü yaradır. Adət yaşaya bilər, amma adətin ətrafında yaranmış israfçılıq yaşamaq məcburiyyətində deyil...

Günel Cəlilova

0