Uşaqlarda kitablara maraq yalnız oxuma texnikasına yiyələnməklə formalaşmır. Vacib olan uşağın kitabları yeni biliklər mənbəyi və düşünmək üçün fürsət kimi qəbul etməsidir.
HİT.az xəbər verir ki, bu barədə psixoloq Darya Misiyukova “Moskva 24” nəşrinə müsahibəsində danışıb.
Mütəxəssisin sözlərinə görə, mütaliə müntəzəm və məcburiyyət olmadan həyata keçirildikdə gündəlik həyatın bir hissəsinə daha asan çevrilir. Psixoloq uşaqlarda kitablara maraq yaratmaq üçün bir neçə üsul təklif edib.
1. Uşaqla birlikdə ucadan kitab oxuyun.
Bu üsul müstəqil oxumağı bacaran uşaqlar üçün də faydalıdır. Böyüklərin ifadəli oxuması personajların əhval-ruhiyyəsini və xarakterini daha yaxşı çatdırmağa kömək edir. Misiyukova qısa mətnlər seçməyi və uşağın hekayənin davamını öyrənmək istəməsi üçün ən maraqlı məqamda fasilə verməyi tövsiyə edir.
2. Kitabı uşağın özünün seçməsinə imkan verin.
Bu, komiks, elmi-populyar nəşr və ya qısa hekayələr toplusu ola bilər. Uşaq oxuyacağı materialı özü seçdikdə onun marağı artır və fikrinə hörmət edildiyini hiss edir.
3. Oxuduqlarınızı həyatdakı nümunələrlə müzakirə edin.
Məsələn, heyvanlar haqqında hekayə oxuduqdan sonra ensiklopediyadan həmin heyvanlar barədə məlumat axtarmaq, onların fotolarına baxmaq və ya zooparkda onları görmək olar.
4. Mütaliəni oyuna çevirin.
Personajlar arasında rolları bölüşdürmək, hekayəyə fərqli sonluq uydurmaq, qəhrəmanların rəsmini çəkmək və ya kitabdakı səhnəni canlandırmaq mümkündür. Psixoloqun sözlərinə görə, bu cür fəaliyyətlər gərginliyi azaldır və mütaliəni birgə yaradıcılıq prosesinə çevirir.
5. Uşağa uyğun mütaliə vaxtı müəyyənləşdirin.
Məsələn, yatmazdan əvvəl kitaba bir neçə dəqiqə ayırmaq və ya həftəsonları ailəlikcə kitab oxumaq olar. Təkrarlanan bu vərdiş mütaliənin gündəlik həyatın adi və gözlənilən bir hissəsinə çevrilməsinə kömək edir.
6. Qısa mətnlərlə başlayın.
Uşağın dərhal bütöv bir kitab oxuması vacib deyil. Şeirlər, qısa hekayələr, komikslər və hətta şəkillərin altındakı yazılar da başlanğıc üçün uyğundur. Əsas məsələ mütaliəyə müntəzəm qayıtmaq və uşağın yaşına, maraqlarına uyğun həcmdə mətnlər seçməkdir.
Samir


