Azərbaycanın ikinci əl avtomobil bazarında, xüsusilə də taksi və gündəlik istifadə üçün ən çox tələb olunan hibrid avtomobillərdən olan "Toyota Prius" modellərinin qiymətlərində kəskin bahalaşma müşahidə olunur.
“Yeni Sabah” xəbər verir ki, elan saytlarında əks olunan son qiymət göstəriciləri alıcıları təəccübləndirib.
İllərdir ölkədə ən əlçatan avtomobillərdən biri sayılan 20-ci kuza (2008-ci il buraxılış) "Toyota Prius"ların qiyməti artıq 20 000 – 21 700 manat aralığına yüksəlib.
Digər model və illər üzrə bazardakı qiymət dinamikası:
2008–2010-cu il modelləri (1.5L / 1.8L): 20 000 - 21 900 AZN
2014–2019-cu il modelləri (1.8L): 20 700 - 27 000 AZN
Prius Prime / PHV modelləri (2016–2025): 23 800 - 35 900 AZN
Yeni nəsil 2023-cü il modelləri (2.0L): 30 500 - 40 500 AZN
Ekspertlər bildirirlər ki, idxal şərtlərinin sərtləşməsi, köhnə il avtomobillərinin ölkəyə gətirilməsinə tətbiq olunan məhdudiyyətlər və daxili pazarda hibrid nəqliyyat vasitələrinə olan yüksək tələbat qiymətlərin artmasını şərtləndirən əsas amillərdəndir. Bazardakı bu qiymət artımı xüsusilə büdcəli avtomobil almaq istəyən vətəndaşlar üçün ciddi çətinliklər yaradır.


