Dövlət qulluqçularının ən yüksək və ən aşağı əməkhaqqı aldığı bölgələr - SİYAHI

SOSİAL
21:35 / 13.10.2026
57

“Dövlət qulluqçularının orta aylıq əməkhaqqısı 2025-ci ildə əvvəlki ilə nisbətən 4,5 faiz artaraq 2059 manata çatıb. Dövlət qulluqçularının orta aylıq əməkhaqqısı ölkə üzrə orta aylıq əmək haqından 90 faiz çoxdur”.

Bunu deputat Vüqar Bayramov Milli Məclisin bugünkü plenar iclasında Dövlət Qulluğu Məcəlləsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Azərbaycanın bir sira iqtisadi rayonlarında dövlət qulluqçularının orta aylıq əməkhaqqısı ölkə üzrə göstəricidən xeyli aşağıdır:

"Bu göstərici Bakı şəhərində 2 539, Naxçıvan Muxtar Respublikasında 1 502, Mil-Muğan iqtisadi rayonunda 1 371, Mərkəzi Aran iqtisadi rayonunda 1 366, Gəncə-Daşkəsən iqtisadi rayonunda 1 349, Şirvan-Salyan iqtisadi rayonunda isə 1 316 manatdır. Göründüyü kimi, bir sira iqtisadi rayonlarımızda dövlət qulluqçularının orta aylıq əmək haqqısı ölkə üzrə göstəricidən 40 %-ə yaxın aşağıdır. Bu əməkhaqqı məbləğlərində regional təşviq meyarlarından istifadəni aktuallaşdırır".

O, Məcəllədə “pul formasında”, ifadəsinin “pul ekvivalentində” sözləri ilə əvəz olunmasını təklif edib.

Deputat yeni Məcəllə qəbul olunandan sonra hazırlanacaq qaydaların təsnifatlar üzrə balansın formalaşmasına töhfə verməli olduğunu qeyd edib:

"Hazırda Azərbaycanda dövlət qulluqçuların sayı 27.3 min nəfərdir və onların 31,4 faizi xanımlardır. . Dövlət qulluqçularının 7,6 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali-3-cü təsnifatları, 3,9 faizi 4-cü təsnifatı, 12,4 faizi 5-ci təsnifatı, 8,7 faizi 6-cı təsnifatı, 44,2 faizi 7-ci təsnifatı, 23,2 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyir. Göründüyü kimi, hazırda fəaliyyət göstərən hər 100 dövlət qulluqçusundan 44-ü məhz 7-ci təsnifat üzrə çalışır. Bu baxımdan daha məqsədəuyğun olardı ki, təsnifatlar üzrə balans qorunsun".

Bundan başqa Vüqar Bayramov "Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddətinin 2 ildən heç olmasa 3 ilə qaldırılmasını təklif edib.//Bizim.Media


 

0