Bir uşağın qayğısını başqasına həvalə etmək valideyn üçün heç vaxt asan qərar deyil.
Xüsusilə işləyən analar övladlarını dayəyə etibar edərkən onun təhlükəsizliyini, düzgün qidalanmasını, vaxtında yatmasını və sevgi ilə böyüdülməsini gözləyirlər. Lakin bəzən valideynin böyük ümidlərlə qurduğu bu etimadın arxasında laqeydlik, məsuliyyətsizlik, hətta zorakılıq dayanır.
Bakının Sabunçu rayonunda dayəyə həvalə edilən körpənin ölümü ilə bağlı yayılan məlumatlar bu məsələnin yenidən müzakirəsinə səbəb olub. Mətbuatda yer alan məlumatlara görə, uşağın anası övladının dayənin nəzarətsizliyi nəticəsində bir neçə dəfə yıxıldığını və ağır kəllə-beyin travması aldığını iddia edir. Mərhumun yaxınları isə uşağın döyüldüyünü iddia edirlər. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırması davam edir. Buna görə də dayənin təqsiri barədə hüquqi nəticə çıxarmaq hələ tezdir.
Ancaq bu hadisə daha geniş bir sualı gündəmə gətirir: Valideynin bütün etibarını qazanan, ona ən qiymətli varlığını əmanət etdiyi bir insan uşağa qarşı necə bu qədər laqeyd davrana bilər?
Dayəlik sadəcə uşağa yemək vermək, bezini dəyişmək və onu yatızdırmaqdan ibarət deyil. Bu iş uşağın fiziki və emosional təhlükəsizliyinə cavabdehlik daşımaq deməkdir. Körpə özünü müdafiə edə, ona edilən münasibəti valideyninə izah edə, təhlükə zamanı kömək istəyə bilmir. Onun bütün dünyası həmin an yanında olan böyük insanın davranışından asılıdır.
Valideyn uşağını dayəyə verəndə əslində ona bir neçə saatlıq deyil, müəyyən mənada həyatının ən həssas dövrünü etibar edir. Belə bir etimadı doğrultmamaq yalnız peşə məsuliyyətinin pozulması deyil, həm də ağır mənəvi xəyanətdir.
Uşağa qarşı zorakılıq, onu qorxutmaq, ac saxlamaq, ağladığı üçün cəzalandırmaq və ya xəsarət aldığını valideyndən gizlətmək heç bir halda iş yorğunluğu, əsəb və ya səbrsizliklə izah edilə bilməz.
İlk növbədə, dayəlik işinə hər zaman lazımi psixoloji hazırlığı, təcrübəsi və səbr bacarığı olan insanlar cəlb edilmir. Uşağa baxmaq asan iş kimi qəbul edilsə də, xüsusilə körpələrlə işləmək böyük diqqət, emosional dözümlülük və məsuliyyət tələb edir.
Bəzi hallarda maddi ehtiyac insanı bu işə yönəldə bilər, lakin uşaqlarla işləmək üçün yalnız işləmək istəyinin olması kifayət deyil. Uşağın ağlamasına, yuxu rejiminin pozulmasına, yeməkdən imtina etməsinə və gözlənilməz davranışlarına səbir göstərmək lazımdır. Öz emosiyalarını idarə edə bilməyən, əsəblərini uşağın üzərində boşaldan bir insanın bu sahədə çalışması ciddi risk yaradır.
Digər tərəfdən, işəgötürənlərin dayə seçiminə kifayət qədər diqqət yetirməməsi də təhlükəni artırır. Bəzən ailələr yalnız tanışın tövsiyəsinə, münasib qiymətə və ya ilkin təəssürata əsaslanaraq qərar verirlər. Halbuki namizədin əvvəlki iş təcrübəsi, uşaqlarla davranışı, tövsiyələri və psixoloji hazırlığı barədə məlumat toplamaq vacibdir.
Bir başqa problem isə nəzarətin olmamasıdır. Valideyn evdən çıxdıqdan sonra uşaqla dayənin baş-başa qalması müəyyən hallarda baş verənləri gizli saxlamağa imkan yarada bilər. Uşağın qorxusu, qəfil davranış dəyişiklikləri, səbəbi bilinməyən xəsarətlər isə bəzən ailə tərəfindən vaxtında fərq edilmir.
Bəzən böyüklər uşağın özünü ifadə etmək imkanının məhdud olduğunu unudurlar. Halbuki danışa bilməyən körpənin də qorxusu, ağrısı və narahatlığı var. Onun ağlamasına aqressiya ilə cavab vermək uşağın həm fiziki, həm də psixoloji sağlamlığına zərər vura bilər.
Dayə bilməlidir ki, uşağın davranışına görə əsəbiləşmək onun üzərində güc tətbiq etmək hüququ vermir. Əksinə, uşaq nə qədər müdafiəsizdirsə, böyüyün məsuliyyəti bir o qədər artır.
Dayələrə etibar və uşaqlara qulluq məsələsi yalnız Azərbaycana aid problem deyil. Dünyanın müxtəlif ölkələrində evdə uşaq baxımı ilə bağlı laqeydlik, zorakılıq və nəzarət problemləri qeydə alınır. Bəzi ölkələrdə dayələrin yoxlanılması, peşə hazırlığı, tövsiyələrinin araşdırılması və uşaq təhlükəsizliyi qaydaları daha sistemli şəkildə təşkil olunur.
İstənilən halda, əmanətə sahib çıxmaq hər kəsin borcudur. Unutmamalıyıq ki, uşaq dayənin yanında olduğu müddətdə valideynin nəzarətindən kənarda qala bilər, amma hüquqları və təhlükəsizliyi heç vaxt müdafiəsiz qalmamalıdır.
Bir uşağa baxmaq sadəcə pul qarşılığında görülən iş deyil. Bu, insan həyatına, onun sağlamlığına və gələcəyinə görə məsuliyyət daşımaqdır. Valideynin etibarını qazanıb həmin etibardan sui-istifadə etmək isə ən ağır mənəvi davranışlardan biridir.
Çünki uşağı dayəyə əmanət etmək onun taleyini təsadüfə buraxmaq demək deyil. Əmanət edilən uşağı qorumaq, ona qayğı göstərmək və təhlükəsizliyini təmin etmək dayəliyin ən əsas şərtidir. Uşaq danışa bilməyə bilər, amma bu, onun başına gələnlərə susmaq məcburiyyətində olduğu anlamına gəlmir.
Sevinc


