Ermənistanın iki sabiq prezidentinin adı eyni cinayət işi çərçivəsində hallanarkən proses yeni mərhələyə keçib.
Robert Köçəryan saxlanılıb, ancaq hazırda xəstəxanadadır. Serj Sarkisyan isə dindirilib və onun barəsində də cinayət təqibinin başlandığı açıqlanıb. Maraqlıdır, Köçəryan və Sarkisyan həbs olunacaqmı?
Politoloq Azad Məsiyev Hit.az-a açıqlamasında deyib ki, Robert Köçəryan və Serj Sarkisyanın barəsində cinayət işinin açılması regionda siyasi müzakirələri yenidən gündəmə gətirib:
“Onların adı müxtəlif dövrlərdə Azərbaycan əleyhinə həyata keçirilmiş siyasət və hadisələrlə bağlı hallanıb. Lakin Ermənistanın hazırkı rəhbərliyi tərəfindən Köçəryan və Sarkisyana qarşı başladılan cinayət təqibinin əsas motivi onların Azərbaycana qarşı törətdikləri əməllər deyil, daxili siyasi mübarizədir.
Baş nazir Nikol Paşinyan keçmiş prezidentləri və ona müxalif siyasi qüvvələri neytrallaşdırmaq məqsədilə hüquqi mexanizmlərdən istifadə edir. Əgər Köçəryan və Sarkisyana qarşı cinayət işi Ermənistan-Azərbaycan arasında düşmənçiliyin yaradılması, münaqişənin dərinləşdirilməsi və azərbaycanlılara qarşı törədilmiş əməllərlə bağlı açılsaydı, bunu daha ədalətli hesab etmək olardı. Hazırkı proses isə siyasi xarakter daşıyır”.
Ekspert hesab edir ki, Ermənistan daxilində son dövrdə müxalif siyasi qüvvələrə və digər təsir qruplarına qarşı təzyiqlər artıb:
“Bu proses yalnız sabiq prezidentlərlə məhdudlaşmır və Paşinyan hökumətinin siyasi rəqiblərini zəiflətmək siyasətinin tərkib hissəsidir. Ermənistanın xarici siyasət kursunda baş verən dəyişiklikləri də bu proseslə əlaqəlidir. Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanın Rusiya ilə münasibətlərində məsafə artıb, Qərblə, xüsusilə Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində siyasət güclənib.
Paşinyanın əsas siyasi kurslarından biri Ermənistanı Rusiyanın təsir dairəsindən uzaqlaşdırmaq və Qərbə inteqrasiyanı sürətləndirməkdir. Bu baxımdan Rusiya ilə daha sıx əlaqələrə malik olduğu düşünülən siyasi qüvvələrin zəiflədilməsi də həmin prosesin bir hissəsi kimi qiymətləndirilə bilər”.
Onun fikrincə, Köçəryan və Sarkisyanın siyasi mövqelərinin də bu kontekstdə nəzərə alınmalıdır:
“Köçəryan və Sarkisyan Rusiyayönümlü siyasi qüvvələr kimi qəbul edildiyindən onların hazırkı hakimiyyətlə qarşıdurması yalnız daxili siyasi mübarizə çərçivəsində deyil, Ermənistanın xarici siyasət istiqaməti baxımından da qiymətləndirilə bilər. Köçəryanın oğlunun da cinayət təqibinə məruz qalmasını sabiq prezidentə qarşı təzyiqlərin davamıdır. Ermənistanın hazırkı siyasi mənzərəsində hakimiyyətin əsas məqsədlərindən biri ona qarşı potensial siyasi müqaviməti zəiflətməkdir. Köçəryan və Sarkisyanla bağlı proseslər də bu ümumi siyasi kontekst daxilində nəzərdən keçirilməlidir.
Bununla yanaşı, Azərbaycanın Köçəryan və Sarkisyanla bağlı mövqeyi fərqlidir. Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduqları halda, həmin şəxslər başqa ölkədə saxlanılarsa, Azərbaycana təhvil verilmələri və burada mühakimə olunmaları gündəmə gələ bilər. Ermənistanda onların barəsində cinayət işi açılıb-açılmamasından asılı olmayaraq, Azərbaycan tərəfinin onlarla bağlı hüquqi mövqeyi dəyişmir. Onlar Azərbaycan ərazisində törədilmiş cinayətlərlə bağlı məsuliyyət daşıdıqları üçün axtarışdadırlar”.
Politoloqun sözlərinə görə, Köçəryan və Sarkisyanın Azərbaycan ərazilərinin işğalı dövründə baş verən hadisələrə görə məsuliyyət məsələsi ayrıca hüquqi qiymətləndirilməlidir:
“Həmin şəxslər azərbaycanlılara qarşı törədilmiş cinayətlər, terror hadisələri, ərazilərin işğalı və talan edilməsi, eləcə də mina terroru ilə bağlı məsuliyyət daşıyırlar. Ermənistan daxilində aparılan siyasi və hüquqi proseslərdən asılı olmayaraq, Azərbaycan tərəfinin sabiq prezidentlərlə bağlı hüquqi mövqeyi dəyişməyəcək”.
Günel Cəlilova



