Ali təhsil müəssisələrinin hazırladığı kadrlar bazarın tələbinə cavab verir?

TƏHSİL
15:28 / 17.08.2026
201

Ali təhsil diplomu gənclər üçün karyeraya açılan əsas qapılardan biri hesab olunur. 

Lakin universiteti bitirən məzunların bir hissəsi əmək bazarına daxil olduqda nəzəri biliklərlə real iş tələbləri arasında ciddi fərqlə qarşılaşır. Bəs ali təhsil müəssisələrinin hazırladığı kadrların əksəriyyəti niyə bazarın gözləntilərinə tam cavab vermir?

Təhsil eksperti Məzahir Məmmədli Hit.az-a açıqlamasında bildirib ki, əmək bazarında rəqabətin güclənməsi və süni intellekt texnologiyalarının sürətlə yayılması universitet məzunlarının iş tapmasını əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb prosesə çevirir: 

407404

“Hazırda ali məktəbi yeni başa vuran gənclərin əmək bazarında özlərinə uyğun iş tapması heç də asan deyil. Bakalavr səviyyəsində əldə olunan bilik və peşə bacarıqları konkret iş üçün yetərlidirsə, həmin şəxsin əlavə olaraq magistratura təhsili alması işə qəbul üçün mütləq şərt hesab edilməməlidir. 

Eyni zamanda, süni intellektin gündəlik həyatla yanaşı, elm və təhsil sahələrinə də sürətlə inteqrasiya olunması bir sıra ənənəvi vəzifələrin avtomatlaşdırılmasına gətirib çıxarır. Bu proses isə müəyyən peşələr üzrə iş yerlərinin sayının azalmasına və rəqabətin daha da artmasına səbəb olur”.

Ekspertin dediyinə görə, ötən ildən tələbələrin istehsalat və peşə təcrübəsinə cəlb olunması ilə bağlı yeni mexanizmlər tətbiq edilir:

“Bu mexanizm tələbəyə təcrübə müddətində həm əməkhaqqı əldə etmək, həm də həmin dövrün rəsmi əmək stajında nəzərə alınması imkanını yaradır. Universitetlər də tələbələri təcrübəyə göndərməzdən əvvəl müvafiq müəssisələrlə razılaşmalar əldə edir. Ümumiyyətlə, universitetlərin məzunları əmək bazarına hazırlamasında yanaşmalar dəyişməlidir”.

Günel Cəlilova

0