Məktəbdə müəllim dedikdə göz önünə gələn ilk obrazlardan biri qadındır.
Sinif otaqlarında, xüsusilə ibtidai siniflərdə qadın müəllimlərin üstünlüyü artıq adi mənzərəyə çevrilib. Kişi müəllimlər isə təhsil sistemində azlıq təşkil edir. Bu fərq o qədər uzun müddətdir davam edir ki, artıq onun özü də bir növ normaya çevrilib. Rəqəmlər də vəziyyəti təsdiqləyir. 2024/2025-ci tədris ilində ümumi təhsil müəssisələrində 25 mindən bir qədər çox kişi müəllimə qarşı 120 mindən çox qadın müəllim çalışıb. Başqa sözlə, məktəblərdə hər beş müəllimdən təxminən dördü qadındır.
Ümumiyyətlə, cəmiyyətin müəllimlik peşəsinə münasibəti də dəyişib. Vaxtilə müəllimlik nüfuzlu və ciddi karyera yolu kimi qəbul olunurdusa, bu gün gənclərin bir hissəsi bu peşəni daha çox sabit iş yeri kimi görür. Kişilər üçün isə sabitlikdən əlavə, gəlir artımı, karyera imkanları və sosial status da seçimdə mühüm rol oynayır.
Burada başqa bir problem də ortaya çıxır. Belə ki, müəllimlik getdikcə qadın peşəsi kimi qəbul edilir. Bu, rəsmi qayda deyil, amma cəmiyyətin formalaşdırdığı təsəvvürdür. İbtidai sinfə daxil olan uşaq illərlə əsasən qadın müəllimlərlə qarşılaşır. Beləliklə, həm uşağın, həm valideynin, həm də gələcəkdə peşə seçimi edəcək gəncin şüurunda müəllimlik qadın əməyinin daha çox göründüyü sahəyə çevrilir.
Xüsusilə ibtidai siniflərdə vəziyyət daha diqqətçəkəndir. Kişi ibtidai sinif müəllimlərinin sayı olduqca azdır. Halbuki uşağın məktəb həyatının ilk illərində onun qarşısında yalnız bir deyil, fərqli xarakterə və yanaşmaya malik müəllim modellərinin olması təhsil mühitini daha rəngarəng edə bilər.
Təhsil eksperti Elçin Əfəndi Hit.az-a açıqlamasında deyib ki, son illərdə müəllimlik peşəsinin cəlbediciliyinin artırılması istiqamətində atılan addımlar müəyyən nəticələr verib:

“Xüsusilə müəllimlərin sertifikatlaşdırılması prosesi onların gəlirlərində artıma səbəb olub və bu amilin pedaqoji fəaliyyətə marağa təsir göstərdiyi müşahidə edilir. Lakin kişilərin müəllimlik peşəsinə cəlb olunması məsələsində yalnız maddi amillər həlledici deyil. Burada cəmiyyətin bəzi pedaqoji ixtisaslara münasibəti də ciddi rol oynayır. Xüsusilə ibtidai təhsil və məktəbəqədər təlim sahələrində kişi müəllimlərin sayının çox aşağı olması bu istiqamətdə mövcud stereotipləri ortaya qoyur”.
Həmsöhbətimiz əlavə edib ki, kişilərin həmin ixtisasları seçməsinə bəzən peşənin özündən daha çox, ətraf mühitin münasibəti mane olur:
“Cəmiyyətdə ibtidai sinif və məktəbəqədər təhsil müəllimliyinin daha çox qadınlara uyğun peşə kimi qəbul edilməsi kişilərin bu istiqamətə marağını zəiflədə bilər. Halbuki müəllimlik fəaliyyətinin qadın və ya kişi peşəsi kimi bölünməsi düzgün yanaşma deyil. Bu səbəbdən məsələyə yalnız kadr çatışmazlığı prizmasından deyil, sosial düşüncənin dəyişdirilməsi baxımından da yanaşmaq lazımdır”.
Ekspert hesab edir ki, müəllimlik ixtisasını seçən şəxsin cinsindən daha çox onun peşəkarlığı, biliyi və pedaqoji bacarığı əsas meyar olmalıdır:
“Digər tərəfdən, kişilərin təhsil sistemində qalmasını və bu sahəyə yeni kadrların gəlməsini stimullaşdıracaq sosial və iqtisadi mexanizmlər də nəzərdən keçirilə bilər. Mənzil əldə etmək üçün daha əlverişli şərtlərin yaradılması, güzəştli maliyyə imkanlarının artırılması və müəyyən sosial dəstək mexanizmlərinin tətbiqi kişi müəllimlər üçün peşənin cəlbediciliyini yüksəldə bilər.
Bu məsələdə dövlət qurumlarının həyata keçirəcəyi məqsədli proqramlar da mühüm rol oynaya bilər. Kişilərin pedaqoji fəaliyyətə yönəlməsini təşviq edən ardıcıl və uzunmüddətli siyasət formalaşdırılarsa, məktəblərdə gender balansının tədricən dəyişməsi mümkün olar”.
Günel Cəlilova


