Ali məktəblərə qəbul prosesinin əsas mərhələsindən sonra bəzi ixtisaslarda hələ də boş yerlər qalıb.
Bu isə ali təhsil almaq istəyən, lakin əsas seçim mərhələsində universitetə yerləşə bilməyən abituriyentlər üçün əlavə imkan yaradır. Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına əsasən, boş qalan plan yerləri üzrə ixtisas seçimi avqustun 28-də başlayıb və sentyabrın 2-dək davam edəcək. Müraciət prosesi elektron qaydada həyata keçirilir.
Lakin boş yerin olması həmin ixtisasın avtomatik olaraq abituriyent üçün uyğun seçim olduğu anlamına gəlmir. Bu mərhələdə ixtisasın gələcək perspektivi, təhsil müəssisəsinin imkanları, plan yerinin sayı və namizədin topladığı bal kimi bir sıra məqamların nəzərə alınması vacibdir.
Bəs əlavə seçim mərhələsində iştirak edən abituriyentlər qərar verməzdən əvvəl hansı detallara xüsusi diqqət yetirməlidirlər?
Təhsil eksperti Ramin Nurəliyev Hit.az-a açıqlamasında bildirib ki, boş qalan plan yerləri üzrə seçim mərhələsində abituriyentlərin qarşısında əsas vəzifə mövcud imkanları düzgün dəyərləndirməkdir:
“Bu mərhələdə seçim siyahısının necə hazırlanması qəbul şansına birbaşa təsir edə bilər. II ixtisas qrupunda daha çox boş yerin olduğu istiqamətlərə yönəlmək abituriyentlər üçün əlavə üstünlük yarada bilər. Xüsusilə turizm sahəsində plan yerlərinin sayının daha çox olduğu bildirilir. İqtisadiyyatla bağlı ixtisaslarda isə vəziyyət nisbətən fərqlidir və boş yerlərin sayı daha məhduddur”.
Ekspert qeyd edib ki, I qrupun riyaziyyat-kimya altqrupunda da seçim zamanı eyni yanaşmanın tətbiqi tövsiyə edilir:
“Yəni abituriyentlər boş yerlərin sayını nəzərə alaraq daha geniş qəbul imkanları yaradan ixtisasları önə çıxara bilərlər. III qrupda isə vəziyyət daha fərqlidir. Bu qrup üzrə bir sıra ixtisaslarda boş yerlərin çox az qalması rəqabəti daha da sərtləşdirir. I qrupun riyaziyyat-informatika altqrupunda da oxşar mənzərə müşahidə olunur”.
Onun qiymətləndirməsinə görə, III qrupda bəzi istiqamətlər üzrə qəbul imkanı yalnız ən yüksək nəticə göstərən beş abituriyent üçün formalaşa bilər:
“Bu səbəbdən həmin qrup üzrə seçim edənlər öz ballarını və mövcud plan yerlərini xüsusilə diqqətlə müqayisə etməlidirlər. IV ixtisas qrupunda da abituriyentlər üçün əsas tövsiyə boş yerlərin sayını nəzərdən qaçırmamaqdır. Seçim zamanı daha çox plan yerinin qaldığı istiqamətlərə üstünlük verilməsi qəbul ehtimalını artıran amillərdən biri kimi qiymətləndirilir.
Ümumilikdə isə abituriyentlər seçim zamanı yalnız ixtisasın adına və şəxsi istəyinə əsaslanmamalıdır. Toplanan bal, rəqabətin səviyyəsi və boş plan yerlərinin sayı birlikdə təhlil olunmalı, seçim bundan sonra formalaşdırılmalıdır”.
Sevinc



