Nəsillər arasında məişət vərdişləri ilə bağlı fərqlər gündəlik həyatda da özünü göstərir. Yaşlı insanlar bəzi əşyaları illərlə qoruyub saxlayaraq təkrar istifadə etməyə üstünlük verdiyi halda, gənclər onları çox vaxt lazımsız hesab edib tullayırlar. Halbuki bu vərdişlər həm pula qənaət etməyə, həm də tullantıların azalmasına kömək edir.
HİT.az xəbər verir ki, Ukraynanın "YourTango" yaşlı nəslin qoruyub saxladığı, gənclərin isə əksər hallarda birdəfəlik hesab etdiyi yeddi əşyanı açıqlayıb.
1. Yemək qabları
Yaşlı insanlar marketlərdən və yemək çatdırılması xidmətlərindən əldə etdikləri plastik qabları atmağa tələsmirlər. Onlardan qida məhsullarının saxlanılması və yeməklərin yaxınlarına aparılması üçün yenidən istifadə edirlər. Gənclər isə belə qabları çox vaxt birdəfəlik qablaşdırma kimi qəbul edirlər.
2. Alüminium folqa
İstifadə olunmuş folqa parçalarını belə saxlayan insanlar var. İlk baxışdan həddindən artıq qənaətcillik kimi görünsə də, məişət əşyalarından təkrar yararlanmaq xərcləri azaltmağa kömək edir.
3. Market paketləri
Yaşlı nəslin nümayəndələri plastik paketləri dəfələrlə istifadə etmək üçün saxlayırlar. Onlardan alış-veriş zamanı, məişət tullantılarının atılmasında və müxtəlif məhsulların qablaşdırılmasında yararlanırlar.
4. Cırılmış və köhnəlmiş geyimlər
Əvvəllər paltardakı kiçik cırıqları tikmək, düymələri dəyişmək və köhnəlmiş geyimləri təmir etmək adi məişət bacarığı sayılırdı. İndi isə gənclər arasında bu vərdiş daha az yayılıb və bir çoxları zədələnmiş geyimləri təmir etməkdənsə, yenisini almağa üstünlük verir.
5. Mətbəx dəsmalları və əski parçalar
Yaşlı insanlar parça dəsmalları və salfetləri yuyaraq dəfələrlə istifadə edirlər. Gənclər isə əksər hallarda birdəfəlik kağız dəsmallara üstünlük verirlər.
6. Hədiyyə paketləri və lentlər
Əvvəlki hədiyyələrdən qalan paketləri və bəzək lentlərini saxlamaq da yaşlı nəslin qənaət vərdişlərindəndir. Onlar bu materiallardan növbəti bayramlarda və hədiyyələrin qablaşdırılmasında yenidən istifadə edirlər.
7. Cızılmış və zədələnmiş mebellər
Yaşlı insanlar mebelin üzərindəki cızıqlara və kiçik zədələrə görə onu dərhal dəyişmirlər. Stulun ayağını təmir etmək, səthi cilalamaq və köhnə divanı bərpa etmək kimi üsullara əl atırlar. Gənclər isə belə hallarda çox vaxt yeni mebel almağa üstünlük verirlər.
Nəşrin gəldiyi qənaətə görə, bu vərdişlər sadəcə qənaətcillik deyil, həm də resurslardan məsuliyyətli istifadə fəlsəfəsini əks etdirir. Yaşlı nəslin təmir etmək, qorumaq və təkrar istifadə etmək ənənələri müasir istehlak mədəniyyətində də faydalı nümunə sayıla bilər.
Samir


