Kiçik mənzillərdə yaşayış rahatlığını artırmaq və məkanı vizual olaraq daha geniş göstərmək üçün mebel seçimi, düzgün işıqlandırma və əvvəlcədən hazırlanmış planlaşdırma mühüm əhəmiyyət daşıyır. Memar Svetlana Şulqina belə mənzillərin dizaynı zamanı hər detalın nəzərə alınmasını tövsiyə edib.
HİT.az xəbər verir ki, bu barədə “Qranель” şirkətlər qrupunun məhsul departamentinin direktoru, memar Svetlana Şulqina “Gazeta.Ru”ya açıqlamasında danışıb.
Mütəxəssisin sözlərinə görə, ilk növbədə əşyaların saxlanması üçün düzgün sistem qurulmalıdır. Tavana qədər uzanan və divarlarla eyni rəngdə olan şkaflar otaqda vizual qarışıqlığı azaldır və məkanı daha yığcam göstərir. Bundan başqa, transformasiya olunan mebellərdən istifadə etmək də faydalıdır. Məsələn, qatlanan çarpayı gündüz otaqda əlavə yer yaradır, təkərli və hündürlüyü tənzimlənən masa isə həm jurnal masası, həm də yemək masası kimi istifadə oluna bilər.
Memar açılan qapılar əvəzinə sürüşən arakəsmələrə üstünlük verməyi də məsləhət görüb. Onun fikrincə, bu üsul hər qapı boşluğunda yarım metrə qədər yerə qənaət etməyə imkan verir.
Şulqina rəng seçimi və güzgülərin yerləşdirilməsinin də əhəmiyyətini vurğulayıb. Neytral rəngli divar və mebellər səthlər arasındakı sərhədləri vizual olaraq zəiflədir, beləliklə, otaq daha geniş görünür. Güzgülər isə qarşısındakı boş divarı deyil, geniş məkanı əks etdirdikdə daha yaxşı nəticə verir.
İşıqlandırma ilə bağlı ekspert yaşayış sahələrində isti və ya neytral işıqdan istifadəni tövsiyə edib. Soyuq işıq otağı daha az komfortlu göstərə bilər. Mebelin alt hissəsində yayılan işıqlandırma onun vizual ağırlığını azaldır, tavanın perimetri boyunca quraşdırılan işıq zolaqları isə tavanı daha hündür göstərir.
Memar sonda bildirib ki, kiçik mənzildə hətta bir mebel parçasının yanlış yerləşdirilməsi ümumi görünüşə mənfi təsir edə bilər. Buna görə də əvvəlcə mebelin düzülüşü planlaşdırılmalı, yalnız bundan sonra alış-verişə başlanılmalıdır.
Samir


