İtaliyada qadınların 100 yaşına çatdığı kənd: Uzunömürlülüyün sirri hələ də açılmayıb

MARAQLI
23:13 / 03.11.2026
96

İtaliyanın Sardiniya bölgəsində yerləşən kiçik Bolotana kəndində qadınların uzunömürlülük göstəriciləri alimlərin diqqətini çəkib. Araşdırmaya görə, 70 yaşına çatmış yerli qadınların 100 yaşına qədər yaşamaq ehtimalı 13,83 faizdir. Bu göstərici İtaliya və ABŞ üzrə orta rəqəmlərdən xeyli yüksəkdir.

HİT.az xəbər verir ki, İspaniyanın "Xataka" portalı istinadən Bolotana kəndində qeydə alınan qeyri-adi uzunömürlülük göstəricilərindən yazıb.

Məlumata görə, 2021–2025-ci illər ərzində kənddə 19 nəfər 100 yaşını qeyd edib. Onlardan 14-ü qadın olub. Müqayisə üçün qeyd edək ki, 70 yaşına çatmış insanların 100 yaşına qədər yaşamaq ehtimalı İtaliyada təxminən 3,5, ABŞ-da isə 3,6 faiz təşkil edir.

Uzun illərdir alimlər dünyada “mavi zonalar” adlandırılan, insanların daha çox 100 yaşına çatdığı ərazilərin fenomenini araşdırırlar. Sardiniyanın dağlıq hissəsi əvvəllər əsasən uzunömürlü kişilərin çoxluğu ilə diqqət çəkirdisə, Bolotana kəndində fərqli mənzərə müşahidə olunur.

Tədqiqatçılar bu göstəricilərin mümkün səbəbləri arasında qidalanma xüsusiyyətlərini, fiziki aktivliyi, genetik amilləri və böyük şəhərlərlə müqayisədə daha sakit həyat tərzini göstərirlər. Lakin bu amillərdən hansının əsas rol oynadığı hələ müəyyənləşdirilməyib.

Nəşr hesab edir ki, uzunömürlülüyün sirri mütləq tibbi preparatlarda deyil, insanların gündəlik həyat tərzində də gizlənə bilər. Bununla belə, araşdırmanın nəticələrinə ehtiyatla yanaşmaq tövsiyə olunur. Belə ki, tədqiqat müəlliflərinin “mavi zonalar”ın öyrənilməsi ilə məşğul olan özəl layihələrlə əlaqəsi onların nəticələrində maraq amilinin ola biləcəyi barədə suallar yaradır.

Bundan başqa, bəzi alimlər dünyadakı “mavi zonalar”la bağlı statistik göstəricilərin etibarlılığını da mübahisələndirirlər. Tədqiqatçı Sol Castin Nyuman bəzi hallarda uzunömürlülük rəqəmlərinin sənədləşmə səhvləri, ölüm hallarının vaxtında qeydə alınmaması və pensiya saxtakarlığı ilə əlaqəli ola biləcəyini irəli sürüb.

Beləliklə, Bolotana alimlər üçün maraqlı araşdırma məkanı olsa da, kəndi hələlik qeyri-adi uzunömürlülüyün elmi baxımdan təsdiqlənmiş mərkəzi hesab etmək tezdir.

Samir
 

0