ABŞ-ın Kaliforniya ştatındakı Ağ Dağlarda (White Mountains) dünyanın ən qədim ağaclarından biri hesab edilən Matusalem adlı şam ağacı bitir. Təxminən 5 min yaşı olan bu ağacın dəqiq yerləşdiyi ərazi zədələnmə və vandalizm təhlükəsinə görə ictimaiyyətdən gizlədilir.
HİT.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Matusalem ağacı 1950-ci illərdə tədqiqatçı Edmund Şulman tərəfindən aşkar edilib. O, adını Bibliyada 969 il yaşadığı deyilən Matusalem obrazından götürüb. Ağacın yaşı 1957-ci ildə götürülmüş nümunələrin araşdırılması nəticəsində müəyyənləşdirilib. Arizona Universitetinin mütəxəssisləri illik halqaları təhlil edərək onun 4800 ildən çox yaşı olduğunu təsdiqləyiblər.
Bununla belə, Matusalem ərazidəki yeganə qədim ağac deyil. Tədqiqatçıların diqqətini çəkən başqa bir şam ağacının yaşının 5 min ildən çox olduğu ehtimal edilir. 2009-cu ildə aparılan analizlər bu ağacın dünyanın elmi üsullarla yaşı təsdiqlənmiş ən qədim tək canlı ağacı ola biləcəyini göstərib.
Ağacların yaşı gövdələrindəki illik halqalar vasitəsilə müəyyən edilir. Hər halqa bitkinin bir illik inkişaf dövrünü əks etdirir.
Matusalemdən əvvəl uzunömürlülük rekordunun sahibi ABŞ-ın Nevada ştatında bitən Prometey adlı şam ağacı olub. Lakin 1964-cü ildə iqlim tarixini araşdıran aspirant Donald Rask Karri tərəfindən kəsilib. Sonrakı təhlillər ağacın təxminən 4900, bəzi hesablamalara görə isə 5 min ildən çox yaşadığını üzə çıxarıb. Bu hadisə nadir təbiət abidələrinin insan müdaxiləsi nəticəsində məhv edilməsinin ən məşhur nümunələrindən biri hesab olunur.
Ağacların yeri niyə gizli saxlanılır?
Matusalem və ondan da yaşlı ola biləcəyi ehtimal edilən digər şam ağacının dəqiq yeri açıqlanmır. Məqsəd onları vandalizmdən, fiziki zədələrdən və insanların müdaxiləsindən qorumaqdır. 2021-ci ildə internetdə yayılan bəzi fotolar ağacların yerini müəyyənləşdirməyi asanlaşdırdığından onların mühafizəsi məsələsi yenidən gündəmə gəlib.
Qədim şam ağaclarının minilliklər boyu yaşamasının əsas səbəblərindən biri də onların inkişaf etdiyi sərt təbii şəraitdir. Bu ağaclar Kaliforniya, Nevada və Yuta ştatlarının yüksək dağlıq ərazilərində, soyuq iqlimdə və qida maddələri baxımından kasıb torpaqlarda bitir.
Əlverişsiz şərait onların böyüməsini xeyli ləngidir. Nəticədə ağaclarda daha sıx və möhkəm oduncaq formalaşır. Bu xüsusiyyət çürüməyə, göbələklərə və həşəratların təsirinə qarşı davamlılığı artırır.
Qədim ağacların qorunmasının əhəmiyyəti 2023-cü ildə Böyük Britaniyada məşhur Sycamore Gap ağacının qanunsuz kəsilməsindən sonra da müzakirə olunub. Təxminən 300 yaşlı həmin ağacı məhv edən iki şəxs 2025-ci ildə 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Samir


