Tələbələr nə üçün yataqxana tapa bilmir?

TƏHSİL
12:53 / 07.09.2026
159

Yeni tədris ilinin başlamasına sayılı günlər qaldıqca tələbələrin qarşılaşdığı əsas problemlərdən biri də yaşayış yeri məsələsidir. 

Xüsusilə bölgələrdən ali təhsil almaq üçün Bakıya üz tutan gənclər münasib qiymətə qalmağa yer tapmaqda çətinlik çəkə bilərlər. Yataqxanalardakı yerlərin bütün tələbələrin ehtiyacını qarşılamaması isə alternativ olaraq kirayə mənzil axtarışını zəruri edir. Artan tələbat fonunda kirayə qiymətlərinin yüksəlməsi tələbələrin və ailələrinin maddi yükünü də artırır.

Bəs yeni tədris ili ərəfəsində Bakıda tələbələr üçün yataqxana imkanları nə qədər genişdir və yataqxanada yer tapa bilməyən gəncləri hansı seçimlər gözləyir?

Təhsil eksperti Elçin Əfəndi Hit.az-a açıqlamasında deyib ki, Azərbaycanda ali təhsil alan gənclərin qarşılaşdığı əsas sosial məsələlərdən biri də münasib qiymətə yaşayış yeri tapmaqdır: 

409109

“Yataqxana fondunun tələbatı tam qarşılamaması, mövcud binalarda isə yerlərin məhdudluğu xüsusilə regionlardan Bakıya təhsil almağa gələn tələbələrin vəziyyətini çətinləşdirir. Problemin uzunmüddətli həlli üçün universitetlərin ətrafında tələbələrin yaşayış, istirahət və gündəlik ehtiyaclarını bir məkanda qarşılayacaq müasir tələbə şəhərciklərinin salınması effektiv addımlardan biri ola bilər. Bu cür komplekslərdə tələbələr üçün nəzərdə tutulmuş yataqxanalarla yanaşı, onların sosial və məişət ehtiyaclarına xidmət edən zəruri infrastrukturun da yaradılması mümkündür”.

Ekspert hesab edir ki, bu işdə özəl şirkətlər və fərdi investorlar tələbələr üçün ayrıca yaşayış kompleksləri inşa etməklə bu sahəyə töhfə verə bilər:
 
“Digər tərəfdən, hazır yaşayış binalarındakı mənzillərin tələbələr üçün daha əlçatan kirayə şərtləri ilə təklif olunması da alternativ variant kimi nəzərdən keçirilə bilər. Ali təhsil müəssisələrinin isə tələbələrin yaşayış ehtiyaclarının müəyyənləşdirilməsi və onların uyğun yerlərlə təmin olunması prosesində daha təşəbbüskar mövqe tutması vacibdir”.

Sevinc

0