Bayden və Tramp Maskdan "Starlink"i dəfələrlə aktivləşdirməyi və söndürməyi istəyib - KİV

DÜNYA
11:40 / 24.10.2026
56

ABŞ-ın Co Bayden və Donald Tramp administrasiyaları müxtəlif ölkələrdə “Starlink” peyk internet sisteminə çıxışın təmin edilməsi və məhdudlaşdırılması üçün İlon Maskın “SpaceX” şirkətinə dəfələrlə müraciət ediblər. Bu addımlar Ukrayna və İran da daxil olmaqla bir sıra ölkələrdə ABŞ-ın xarici siyasət maraqları ilə əlaqəli olub.

HİT.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi altı keçmiş yüksək vəzifəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Bayden administrasiyası dövründə “Starlink”in Yəmən və Livandakı İranmeyilli silahlı qrupların rabitə imkanlarını məhdudlaşdırmaq üçün söndürülməsi, eləcə də İranda internetə çıxışın təmin edilməsi məqsədilə aktivləşdirilməsi ilə bağlı müraciətlər olub. ABŞ rəsmiləri Ukrayna hərbçilərinin ehtiyacları üçün də sistemin imkanlarının genişləndirilməsini istəyiblər.

Tramp administrasiyası da 2025 və 2026-cı illərdə ABŞ və İsrailin İrana zərbələrindən sonra həmin ölkədə “Starlink” xidmətinin əlçatan olması üçün Maskdan kömək istəyib.

Agentlik qeyd edir ki, bu hallar ABŞ hökumətinin xarici siyasətini həyata keçirərkən özəl texnologiya şirkətindən görünməmiş dərəcədə asılı olduğunu göstərir.

Ukrayna ətrafında “Starlink”lə bağlı vəziyyət isə son günlər yenidən gündəmə gəlib. Prezident Volodimir Zelenski ölkəsinin “Starlink”in hərbi versiyası olan “Starshield” sisteminə çıxışının məqsədli şəkildə məhdudlaşdırıldığını bildirib. Onun sözlərinə görə, bu, Ukrayna hərbçilərinin pilotsuz uçuş aparatlarının fəaliyyətinə mane olur. Ukrayna ordusu peyk rabitəsindən həm hərbi əməliyyatlarda, həm də Rusiyanın raket hücumlarından müdafiədə istifadə edir.

“Reuters”in məlumatına görə, “Starshield”in fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı göstəriş Ağ Evdən gəlib. Tramp administrasiyası rabitənin sürətinin azaldığını təsdiqləsə də, qərarın birbaşa onun göstərişi ilə verilib-verilmədiyini açıqlamayıb.

Mask 2022-ci ildə də Ukraynanın “Starlink” imkanlarına çıxışını məhdudlaşdırmışdı. O, Ukraynanın Krımın Sevastopol bölgəsində peyk şəbəkəsini aktivləşdirmək istəyini rədd etdiyini və bunun genişmiqyaslı hərbi əməliyyatda iştirak etmək riski yarada biləcəyindən ehtiyatlandığını bildirmişdi.

ABŞ dövlət katibi Marko Rubio isə daha əvvəl administrasiyanın özəl şirkət olan “SpaceX”ə “Starlink”in fəaliyyətini məhdudlaşdırmaq və ya yavaşlatmaq barədə birbaşa göstəriş verə bilməyəcəyini vurğulamışdı.

“Wall Street Journal”ın məlumatına görə, Tramp ötən həftə Maskla telefonla danışaraq Ukrayna üçün tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını istəyib. Bununla belə, oktyabrın 23-ü səhər saatlarına olan məlumata görə, “Starshield” rabitəsinin sürətinə qoyulan məhdudiyyətlər Ukrayna pilotsuz aparatlarının fəaliyyətinə təsir göstərməkdə davam edirdi.

Samir

0