Psixoloq: “Vahid məktəbli formasının tətbiqi çox gözəl qərardır”

TƏHSİL
16:00 / 16.10.2026
56

“Məktəb təhsil, intizam və qarşılıqlı hörmətin bərqərar olduğu məkandır”.

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O, məktəblərdə tətbiq olunan vahid məktəbli formasının əhəmiyyətindən danışıb:


“Vahid geyim qaydalarının əsas məqsədi şagirdlər arasında zahiri olaraq geyim baxımından heç bir fərqin olmaması, sosial müqayisələrin və ayrı-seçkiliyin azaldılmasıdır. Çünki məktəb mühitində ümumi nizam-intizamın qorunması bu qaydaların tətbiqini zəruri edir.

Məktəb forması insanın geyiminin, çantasının, aksesuarının, saç və bədən quruluşunun digər şəxslərdən fərqlənməməsini təmin edir. Saç formasından tutmuş dırnaqlara qədər hər bir detalın nizamlı və intizamlı olması bir uşağın digər uşaqdan fərqlənməməsi deməkdir”.

Ekspert qeyd edib ki, fərqli geyimlər və fərqli görünmək digər uşaqlara psixoloji olaraq təsir edir:
“Məktəbdə uşaqların psixoloji baxımdan özlərini kollektivin bərabərhüquqlu üzvü kimi hiss etməsi çox vacibdir. Geyimə görə fərqləndirmə, müqayisə və üstünlük nümayişi bəzi uşaqlarda özünə inamın azalmasına və sosial təzyiq hiss edilməsinə səbəb ola bilər. Vahid geyim yanaşması isə bu fərqlərin xeyli azalmasına kömək edir.

Ümumiyyətlə, bərabərlik yalnız eyni geyimdə olmaqla məhdudlaşmır, uşaqların bir-birinə münasibətdə mütləq dərəcədə ədalətli, hörmətli olması və ayrı-seçkiliyə yol verməməsi də mühüm əhəmiyyət daşıyır”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, məktəb nə şəxsi statusun nümayiş etdirildiyi, nə də uşaqların zahiri görünüş üzrə yarışdığı yerdir:
“Məktəb - uşaqların öz gələcəyini qurması üçün müəllimlərlə şagirdlərin bərabər şəkildə addımladığı məkandır. Əsas məqsəd uşaqları geyimlərinə görə mühakimə etmək deyil, onların diqqətini təhsilə yönəltmək, sağlam sosial münasibətlər və bərabər imkanlar formalaşdırmaqdır. Məktəbdə əsas göstərici insanın nə geyinmək deyil. Əsas göstərici uşağın necə davranmalı, dərsi necə öyrənməli, başqalarına qarşı necə münasibət göstərməli və öz gələcəyinə necə yanaşmalı olduğu məkandır.

Məktəb formalarının vahid formasının olması uşağın digər uşaqdan fərqlənməməsinə böyük şərait yaradır. Keçmiş zamanlarda qızların saçları, oğlanların saç uzunluğu ilə bağlı fərqlər var idi. Lakin vahid geyim qaydalarında bəzək kimi elementlərin olmaması da məktəb mühitini tənzimləyir”.

Psixoloq vurğulayıb ki, istər-istəməz uşaq artıq öz uşaqlığını yaşayır:
“Məktəbli dövrü uşaqlıq və yeniyetməlik illəridir. O illəri uşaqcasına, yeniyetməməcəsinə, həqiqətən haqqını verərək yaşamağa gətirib çıxarır. Çünki məktəb dövründən sonrakı zaman gənclik dövrüdür və gənclik dövründə hər bir şey öz yerini tapır.

Nəticə etibarilə, məktəb formasının vahid formada olması və qayda-qanunlar insanlarlar arasında fərqlərin və müqayisələrin aradan qalxmasına, elmə köklənməyə və gələcəyə yönəlməyə daha böyük təkan yaradır. Bütün bunlara görə düşünürəm ki, vahid məktəbli formasının tətbiqi çox gözəl qərardır”.

Pərviz

0