Gəncə terrorunun şahidləri: "Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb" - FOTO

ÖLKƏ
21:56 / 11.10.2026
51

Altı il əvvəl Gəncənin dinc sakinləri növbəti dəfə Ermənistanın raket hücumlarının hədəfinə çevrildilər. 2020-ci il oktyabrın 11-də gecə saatlarında şəhərin yaşayış məntəqələrinə endirilən raket zərbələri nəticəsində mülki şəxslər həyatını itirdi, evlər dağıldı, insanlar yaralandı. Həmin gecə Gəncədə yaşanan faciə bu gün də hadisə şahidlərinin yaddaşında bütün ağrısı ilə yaşayır.

Gəncə Memorial Kompleksində qanlı gecənin canlı şahidləri ilə həmsöhbət olan AZƏRTAC-ın bölgə müxbiri bir daha əmin olur ki, zaman bəzi yaralara məlhəm olsa da, yaşanan dəhşətli faciənin izləri yaddaşlardan silinmir.

Həmin vaxt işlə əlaqədar Bakıda olduğunu bildirən Bağırov Yusif Ramiz oğlu Gəncəyə raket atıldığını dostlarından öyrənib və dərhal valideynlərinə zəng edib.

“Telefonlarına zəng çatırdı, amma cavab verən yox idi. Sonradan anamla danışa bildim. Dedi ki, xəsarət almışam, amma yaxşıyam. Dostlarım isə mənə atamın şəhid olduğunu demədilər, yaralı olduğunu və xəstəxanaya aparıldığını söylədilər. Gəncəyə çatanda bildim ki, Ermənistanın şəhərimizi raket atəşinə tutması nəticəsində atam şəhid olub”, – deyə o həmin günləri belə xatırlayır.

Yusif həmin ərazidə atası ilə birlikdə 10 qonşusunun da şəhid olduğunu bildirir. O, hadisədən altı il keçsə də, həmin gecənin ağrısını hələ də yaşadığını deyib: “Hadisənin üzərindən altı il keçməsinə baxmayaraq, sanki hər şey dünən baş verib. Düşmən mənfurcasına dinc əhalini atəşə tutmaqla bizi ruhdan sala biləcəyini düşündü. Ancaq xalqımız böyük ruh yüksəkliyi ilə ordumuzun yanında oldu və döyüş meydanında düşmənə layiqli cavab verildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin”.

Həmin gecəni ürək ağrısı ilə xatırlayanlardan biri də Mustafayev Emin Yavuz oğludur. Onun sözlərinə görə, raket zərbəsi zamanı yatan uşaqlar, qadınlar və yaşlılarla yanaşı, özü də dağıntıların altında qalıb.

“O günləri çox ürək ağrısı ilə xatırlayıram. O gecə yatan uşaqlar, qadınlar, yaşlılar, mən özüm daşların və dağıntıların altında qaldıq. Qonşularım, yaxınlarım şəhid oldu. Raket zərbəsi endirilən yerdə və onun yaxınlığında bir dənə də olsun hərbi təyinatlı obyekt yox idi. Düşmən konkret olaraq dinc əhalini hədəfə almışdı”, – deyə Emin Mustafayev bildirir.

O qeyd edir ki, Ermənistanın Gəncəni atəşə tutmaqla Azərbaycan xalqını parçalamaq və ruhdan salmaq niyyəti baş tutmadı. Əksinə, xalq və ordu daha böyük həmrəylik nümayiş etdirdi.

“Bizim qisasımızı başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla rəşadətli Ordumuz aldı. Bu gün biz azərbaycanlı olaraq qürur duyur, fəxr edirik”, – deyə hadisə şahidi vurğulayır.

Gəncədə həmin gecənin şahidlərinin danışdıqları isə bir həqiqəti dəyişməz olaraq ortaya qoyur. Ermənistanın dinc əhaliyə qarşı törətdiyi raket terroru yalnız dağılan binalarda deyil, insanların yaddaşında da dərin iz buraxıb.

Bu gün Gəncə Memorial Kompleksində şəhidlərin xatirəsi ehtiramla yad olunur. Burada nümayiş etdirilən fotolar, dağıntılardan qalan əşyalar və şahidlərin xatirələri 2020-ci ilin qanlı günlərinin canlı salnaməsinə çevrilib.

Altı il əvvəl Gəncəyə tuşlanan raketlər həyatları yarımçıq qoydu. Lakin həmin gecənin şahidləri deyirlər ki, terror xalqın iradəsini sındıra bilmədi. Əksinə, Gəncənin ağrısı Vətən müharibəsində Azərbaycanın Zəfər əzminə çevrildi.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarını, o cümlədən silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq, 2020-ci il oktyabr ayının 4-də, 5-də, 8-də, 11-də və 17-də cəbhədən uzaqda yerləşən Gəncə şəhərində yaşayış məntəqələrinə, hərbi hədəf olmayan mülki obyektlərə, həmçinin mülki əhaliyə “Smerç” və “Elbrus” tipli raketlərlə zərbələr endirib. Raket hücumları nəticəsində 26 mülki şəxs öldürülüb, 175 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.

0