"Apple"ın həmtəsisçisi: "Süni intellekt fırıldaqçıların aşkarlanmasını çətinləşdirə bilər"

TEXNO
11:40 / 10.05.2023
990

"Apple" şirkətinin həmtəsisçisi Stiv Voznyakın sözlərinə görə, süni intellekt fırıldaqçılığın aşkarlanmasını çətinləşdirə bilər. 

HİT.az xəbər verir ki, "BBC Texnologiya"nın redaktoru Zoe Kleinmanın suallarını cavablandıran Voznyak süni intellektin "pis aktyorlar tərəfindən istifadə ediləcəyindən" qorxduğunu deyib. O, vurğulayıb ki, bu texnologiyalarla istehsal olunan məzmun mütləq qeyd olunmalı və yoxlanılmalıdır.

Stiv Cobsla birlikdə "Apple" şirkətini quran və ilk "Apple" kompüterini hazırlayan Voznyak, mart ayında İlon Maskın da olduğu texnologiya sahəsində çalışan bir qrup şəxslə süni intellekt texnologiyalarına qarşı açıq məktub imzalamışdı.

Məktubda OpenAI-nin yeni buraxılmış GPT-4-dən daha güclü süni intellekt texnologiyalarının inkişafı üçün 6 aylıq fasilə tələb olunurdu. Çağırışın səbəbi kimi “Cəmiyyət və insanlıq üçün potensial risklər” göstərilib.

Süni intellektin müsbət tərəfləri ilə yanaşı narahatlıqlarına da toxunan Voznyak “Süni intellekt texnologiyaları o qədər ağıllıdır ki, sizi kim olduqları haqqında aldatmaq istəyən bədxahlarım istifadəsi üçün çox açıqdır", deyib.

Voznyak insanların süni intellekt texnologiyası ilə hazırlanan hər hansı məzmuna görə məsuliyyət daşımalı olduğunu düşünür və nəzarətin vacibliyini vurğulayır. Onun fikrincə, "hər şeydən canlarını qurtara biləcəklərini hiss edən" böyük texnologiya şirkətləri məsuliyyət daşımalıdır.

Bununla belə, nəzarəti həyata keçirəcək qurum və şirkətlərə də şübhə ilə yanaşdığını bildirən Voznyak “Məncə, adətən pul dalınca gedən güclər əsasən qalib gəlir, bu, bir az üzücüdür”, deyib.

Kompüter texnologiyalarının qabaqcıllarından biri olan Voznyak, internetin doğulması zamanı əldən verilmiş imkanların günümüzün süni intellekt memarları üçün bir dərs olduğunu bildirir.

"Biz texnologiyanı dayandıra bilmərik" deyən Voznyak əlavə edib ki, insanları maarifləndirməklə biz şəxsi məlumatların əldə edilməsi üçün fırıldaqçılıq və zərərli cəhdləri aşkar etməyə hazırlaşa bilərik.

"Apple"ın hazırkı rəhbəri Tim Kuk keçən həftə investorlarla görüş zamanı süni intellektə yanaşmada “qəsdən və düşüncəli” olmağın vacibliyini vurğulayıb.

Samir

0