İnternetin sürətinin qəfil azalmasının səbəbi həmişə provayder, modem və ya kompüter olmaya bilər. Bəzən problem internet bağlantısını təmin edən kabelin düzgün yerləşdirilməməsi və həddindən artıq əyilməsi ilə bağlı olur.
HİT.az xəbər verir ki, "SlashGear" portalı kabelin vəziyyətinin internet bağlantısının sürətinə və sabitliyinə təsirini araşdırıb.
Mütəxəssislərin sözlərinə görə, kabelin həddindən artıq bükülməsi və dar yerlərdən keçirilməsi məlumat ötürülməsini zəiflədə, internetin sürətini aşağı sala və bağlantıda vaxtaşırı kəsilmələrə səbəb ola bilər. Bununla belə, hər əyilmə internetin keyfiyyətinə mənfi təsir göstərmir. Əsas məsələ kabelin hansı dərəcədə əyilməsidir.
Bu zaman “əyilmə radiusu” anlayışı xüsusi əhəmiyyət daşıyır. Bu göstərici kabelin məlumat ötürülməsinə və daxili quruluşuna zərər vermədən nə qədər əyilə biləcəyini müəyyənləşdirir.
Məlumata görə, təhlükəsiz əyilmə radiusu kabelin növündən və konstruksiyasından asılıdır. İstehsalçıların texniki göstəricilərində bu hədd adətən kabelin xarici diametrinin 4–8 misli arasında göstərilir. Fiber-optik kabellərdə isə bu göstərici təxminən 10 mislə çata bilər.
Məsələn, kabelin xarici diametri 6 millimetr, icazə verilən əyilmə radiusu isə diametrin beş mislidirsə, təhlükəsiz radius 30 millimetr təşkil edir. Bu həddin aşılması kabelin işləmə keyfiyyətinə mənfi təsir göstərə bilər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, kabel uzun müddət icazə verilən həddən artıq əyilmiş vəziyyətdə qalarsa, onun daxili strukturu zədələnə bilər. Belə hallarda internet bağlantısının sürəti və etibarlılığı azalır, yaranmış zədələr isə bəzən bərpaolunmaz olur və kabelin dəyişdirilməsi tələb edilir.
Bu səbəbdən internet kabelini çəkərkən kəskin döngələrdən, sıxılmadan və həddindən artıq bükülmədən qorumaq tövsiyə olunur.
Samir


