Psixologiya üzrə fəlsəfə doktoru, psixoterapevt Tatyana Qaliç bildirib ki, robotlar sevgini təqlid edə bilsələr də, canlı insanlar arasında yaranan münasibətləri əvəz etmək gücündə deyillər.
HİT.az xəbər verir ki, onun fikirlərini "RIAМО" yayıb.
Mütəxəssisin sözlərinə görə, insanla robot arasındakı münasibət həmişə birtərəfli olacaq.
"Bu, həmişə birtərəfli münasibətdir. Çünki robot mürəkkəb mənfi emosiyalar yaşamır. O, bizə sevgi göstərmək üçün proqramlaşdırıla və bunu təqlid edə bilər. Amma robot əsəbiləşmir, yorulmur, qıcıqlanmır. Onun davranışına təsir edən psixoloji travmaları yoxdur", deyə Tatyana Qaliç bildirib.
O vurğulayıb ki, insan istənilən vaxt robotu söndürə bilər. Onun fikrincə, belə münasibət uşağın kukla ilə oyununa bənzəyir: kukla müəyyən müddət istifadə olunur, sonra isə kənara qoyulur.
Psixoterapevt qeyd edib ki, bəzi insanlar emosional qarşılıq tələb etməyən, sevgi gözləməyən və davranışlarını dəyişməyə məcbur etməyən bir tərəfdaş arzulayırlar.
Bununla belə, ekspert hesab edir ki, zaman keçdikcə robotlar cəlbediciliyini itirir. Çünki onlar nə insanla, nə də heyvanla canlı ünsiyyəti əvəz edə bilirlər.
Onun sözlərinə görə, insanlar bu texnologiyaların süni xarakter daşıdığını dərk etdikləri üçün robotların nümayiş etdirdiyi davranışı həqiqi sevgi kimi qəbul etmirlər.
Samir


