Rəqəmsal xidmətlər vergi sistemində yeni mərhələ yaradır

TEXNO
10:50 / 21.09.2026
173

Azərbaycanda xarici rəqəmsal platformalar üçün yeni vergi qaydası tətbiq olunur. 

İllik dövriyyəsi 10 min dolları aşan qeyri-rezident şirkətlər 30 gün ərzində elektron vergi qeydiyyatına alınmalıdır. Yeni qaydaya əsasən, 18 faizlik ƏDV-ni istifadəçi əvəzinə xarici şirkət hesablayaraq dövlət büdcəsinə ödəyəcək. Bu isə xidmətlərin qiymətinə təsir edə bilər. Məsləhət, hüquq, maliyyə, dizayn, mühəndislik xidmətləri, canlı onlayn təlimlər və tədbir biletləri isə qaydaya daxil deyil.

Maraqlıdır, yeni vergi qaydası xarici rəqəmsal xidmətlərdən istifadə edənlərin xərclərini necə dəyişəcək?

İqtisadçı ekspert Asif İbrahimov Hit.az-a açıqlamasında deyib ki, rəqəmsal xidmətlərin genişlənməsi vergi sisteminin də müasir iqtisadi reallıqlara uyğun yenilənməsini zəruri edir:

410329

“Xarici şirkətlər Azərbaycanda fiziki mövcudluq yaratmadan yerli istehlakçılara xidmət göstərə bilir. Bu isə ənənəvi vergi mexanizmlərinin rəqəmsal ticarətin tələblərinə uyğunlaşdırılmasını gündəmə gətirir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, rəqəmsal xidmətlər ƏDV sistemləri üçün yeni çətinliklər yaradıb və 100-dən çox yurisdiksiya bu sahədə islahatlara başlayıb. Bununla yanaşı, vergi yükünün biznes və istehlakçılar arasında ədalətli bölüşdürülməsi də mühüm əhəmiyyət daşıyır”.

Ekspert sözlərini belə yekunlaşdırıb:

“Azərbaycanda vergi siyasətinin gələcək hədəfi yalnız yeni vergi öhdəlikləri müəyyənləşdirmək deyil, rəqəmsal əməliyyatları çevik idarə edən, sahibkarlar üçün inzibati xərcləri azaldan və yerli-xarici şirkətlər arasında rəqabət balansını qoruyan sistem yaratmaq olmalıdır. 
Xarici rəqəmsal xidmətlərin qeydiyyata alınması bu istiqamətdə atılan addımlardan biridir. Lakin dayanıqlı nəticə üçün vergi inzibatçılığı bütövlükdə rəqəmsal iqtisadiyyatın xüsusiyyətlərinə uyğunlaşdırılmalıdır”.

Sevinc

0