Bluetooth texnologiyasının yeni versiyaları hər dəfə istifadəçilər üçün böyük fərq yaratmır. Bluetooth 5.3 və 5.4 arasındakı yeniliklər də əsasən çoxsaylı cihazların eyni vaxtda idarə edildiyi sistemlərə yönəlib.
Hit.az xəbər verir ki, “CHIP” iki standart arasındakı fərqləri müqayisə edib.
Məlumata görə, hər iki versiya Bluetooth Low Energy cihazlarında 2 Mbit/s-ə qədər, EDR texnologiyasında isə nəzəri olaraq 50 Mbit/s-ə qədər məlumat ötürülməsini dəstəkləyir. Maksimum nəzəri əlaqə məsafəsində də ciddi dəyişiklik yoxdur. Əsas yeniliklər isə pərakəndə satış və korporativ sistemlər kimi çoxsaylı cihazların istifadə olunduğu sahələrdə özünü göstərir.
Bluetooth 5.4-ün əsas yeniliklərindən biri Periodic Advertising with Responses (PAwR) funksiyasıdır. Bu texnologiya bir mərkəzi cihazın yüzlərlə, hətta minlərlə Bluetooth Low Energy cihazı ilə ikitərəfli əlaqə saxlamasına imkan verir. Məsələn, mağazalardakı elektron qiymət etiketləri eyni vaxtda yenilənə və cihazların məlumatı qəbul etdiyi barədə cavab göndərməsi mümkün ola bilər.
Yeni versiyada təhlükəsizlik imkanları da genişləndirilib. Encrypted Advertising Data funksiyası yayımlanan məlumatların şifrələnməsinə imkan verir. Bundan başqa, LE GATT Security Level Characteristic cihazların əlaqə qurulmazdan əvvəl tələb olunan təhlükəsizlik səviyyəsini müəyyənləşdirməsinə şərait yaradır.
Bluetooth 5.4-də daha bir yenilik isə uzun məsafəli yayım zamanı istifadə ediləcək kodlaşdırma üsulunun seçilməsinə imkan verən Advertising Coding Selection funksiyasıdır.
Bununla belə, mütəxəssislərin qiymətləndirməsinə görə, adi smartfon istifadəçilərinin Bluetooth 5.3-dən 5.4-ə keçidi gündəlik istifadədə böyük fərq yaratmaya bilər. Simsiz qulaqlıq, klaviatura, siçan və digər geniş yayılmış aksessuarlarda iki versiya arasındakı fərq əksər hallarda hiss olunmur.
Məqalədə həmçinin bildirilir ki, mobil cihazlar baxımından daha nəzərəçarpan yeniliklər Bluetooth 6.0 versiyası ilə ortaya çıxıb. Bu standart gecikmənin azaldılması və daha dəqiq məkan müəyyənləşdirməsi kimi imkanlar təqdim edir.
Bluetooth versiyasını yoxlamaq üçün Windows kompüterlərində Aygıt Yöneticisi → Bluetooth → Xüsusiyyətlər → Advanced bölməsindən LMP nömrəsinə baxmaq mümkündür. LMP 12 Bluetooth 5.3, LMP 13 Bluetooth 5.4, LMP 14 isə Bluetooth 6.0 versiyasına uyğun gəlir.
Android və iOS cihazlarında isə Bluetooth versiyasını sistem daxilindən birbaşa göstərən standart bölmə yoxdur. Bu halda cihazın istehsalçısının texniki xüsusiyyətlərinə nəzər salmaq lazımdır.
Samir


