Bir damla suyun içində işləyən DNT kompüteri yaradıldı

TEXNO
21:57 / 23.09.2026
48

Alimlər silikon çiplərdən istifadə etmədən, DNT molekulları əsasında işləyən proqramlaşdırıla bilən kompüter sistemi hazırlayıblar. Maraqlısı isə odur ki, sistem qurudulduqdan təxminən 1,5 il sonra yenidən su əlavə edilməklə işlədilə bilib.

Hit.az xəbər verir ki, İrlandiyanın Maynooth Universitetinin rəhbərlik etdiyi tədqiqatçılar tərəfindən hazırlanan sistem “Skeletal DNA Computer” (SDC) adlandırılıb. Araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.

Məlumata görə, bu kompüter ənənəvi prosessorlarda olduğu kimi elektrik siqnallarından deyil, DNT molekullarının fiziki xüsusiyyətlərindən istifadə etməklə hesablamalar aparır. Sistem uzun DNT “skeleti” və ona bağlanan daha qısa DNT zəncirlərindən ibarətdir. Molekullar duzlu su məhlulunda qarşılıqlı əlaqəyə girərək müəyyən qaydalara uyğun strukturlar yaradır və nəticə həmin strukturlar əsasında müəyyən edilir.

Tədqiqat zamanı sistem vasitəsilə toplama, 3-ə vurma, 2-yə bölmə və səhvlərin düzəldilməsi kimi əməliyyatlar həyata keçirilib. Kiçik həcmli hesablamalar təxminən 30 saniyəyə başa gəlsə də, daha mürəkkəb əməliyyatların yerinə yetirilməsi 14 saata qədər davam edib.

Sistemin əsas üstünlüklərindən biri təkrar istifadə imkanının olmasıdır. Alimlər DNT məhlulunu qurudaraq təxminən 1,5 il saxlayıblar. Daha sonra nümunəyə yenidən su əlavə edildikdə sistem fəaliyyətini bərpa edib və əvvəlki hesablamaları uğurla təkrarlayıb.

Tədqiqatçılar hesab edirlər ki, bu xüsusiyyət DNT-nin uzunmüddətli məlumat saxlama imkanları ilə birlikdə yeni texnologiyaların inkişafına şərait yarada bilər. Eyni molekulyar mühitdə həm məlumatın saxlanması, həm də emal edilməsi mümkün ola bilər.

Bununla belə, yeni texnologiyanın yaxın gələcəkdə ənənəvi silikon əsaslı kompüterləri əvəz etməsi gözlənilmir. Hesablama sürəti müasir elektron prosessorlarla müqayisədə xeyli aşağıdır.

Alimlərin fikrincə, texnologiya daha çox elektron cihazların istifadəsinin çətin olduğu bioloji mühitlərdə, tibbi tətbiqlərdə, ağıllı materiallarda və uzunmüddətli DNT arxivlərində potensial istifadə imkanlarına malikdir. Kiçik həcmli mayedə yerləşən DNT molekullarının həm məlumat saxlaya, həm də həmin məlumat üzərində hesablama apara bilməsi isə molekulyar kompüterlər sahəsində mühüm istiqamət kimi qiymətləndirilir.

Samir

0