“TechRadar” 2026-cı ilin sentyabr ayı üçün dünyanın müxtəlif bazarlarında satışda olan ən yaxşı smartfonların siyahısını yeniləyib. Reytinq cihazların həm laboratoriya şəraitində, həm də gündəlik istifadədə aparılan geniş sınaqlarının nəticələri əsasında hazırlanıb.
HİT.az xəbər verir ki, siyahıya “Apple” və “Samsung”un flaqman modelləri ilə yanaşı, münasib qiymətli “Google Pixel”, qatlanan smartfon və gənclər üçün nəzərdə tutulan model daxil edilib.
iPhone 18 Pro və 18 Pro Max
“Apple” həvəskarları üçün seçilən iPhone 18 Pro və 18 Pro Max A20 Pro prosessoru və təkmilləşdirilmiş soyutma sistemi ilə təchiz olunub. Smartfonların əsas kamerası 48 meqapikseldir və dəyişən diafraqmaya malikdir.
Ekspertlərin diqqət çəkdiyi xüsusiyyətlərdən biri sürətli şarjdır. Bildirilir ki, cəmi 15 dəqiqə ərzində batareyanı 50 faizə qədər doldurmaq mümkündür. Adi istifadə zamanı cihazların təxminən 30 saat işləyə bildiyi qeyd olunur.
Samsung Galaxy S26 Ultra
Android seqmentində önə çıxarılan “Samsung Galaxy S26 Ultra” 6,9 düymlük Dynamic AMOLED 2X ekran, Snapdragon 8 Elite Gen 5 for Galaxy prosessoru və 5000 mAh batareya ilə təchiz edilib.
Smartfonun əsas kamerası 200 meqapikseldir. Bundan əlavə, 50 MP ultra geniş bucaqlı, 10 MP 3 qat optik zumlu və 50 MP 5 qat yaxınlaşdırma imkanına malik telefoto kameralar təqdim olunur.
Modelin əsas yeniliklərindən biri kənardan baxan şəxslərin ekrandakı məlumatları görməsini məhdudlaşdıran Privacy Display texnologiyasıdır. Cihaz həmçinin geniş süni intellekt funksiyalarına və 7 illik yeniləmə dəstəyinə malikdir.
Google Pixel 10a
Daha münasib qiymətli model axtaranlar üçün “Google Pixel 10a” tövsiyə olunur. Smartfonun ilkin qiyməti 499 avro təşkil edir.
Cihaz 6,3 düymlük 120 Hz OLED ekran, Tensor G4 prosessoru, 8 GB RAM və 5100 mAh batareya ilə təchiz olunub. Arxa hissədə 48 MP əsas və 13 MP ultra geniş bucaqlı kameralar yerləşdirilib.
Ekspertlər xüsusilə foto emalı və süni intellekt imkanlarını modelin üstünlükləri arasında qeyd edirlər. “Google” bu smartfon üçün 7 il ərzində Android və təhlükəsizlik yeniləmələri vəd edir.
Samsung Galaxy Z Fold 8 Ultra
Qatlana bilən smartfonlar arasında “Samsung Galaxy Z Fold 8 Ultra” diqqət çəkir. Cihaz qatlanmış vəziyyətdə 6,5 düymlük, açıldıqda isə 8 düymlük ekrana malikdir. Açıq vəziyyətdə korpusun qalınlığı cəmi 4,1 millimetrdir.
Smartfon Snapdragon 8 Elite Gen 5 for Galaxy prosessoru, 16 GB-a qədər RAM və 1 TB-a qədər yaddaşla təklif olunur. Əsas kamera 200 meqapiksellik sensora malikdir.
Ekspertlər daxili ekrandakı qat izinin əvvəlki modellərlə müqayisədə daha az nəzərə çarpdığını və cihazın yüksək performans göstərdiyini bildirirlər. Bununla belə, 2100 dollardan başlayan qiymət və kameranın çıxıntılı dizaynı mənfi cəhətlər sırasında göstərilir.
iPhone 17
“TechRadar” iPhone 17-ni tələbələr və gənclər üçün uyğun modellərdən biri kimi göstərir. Smartfon 6,3 düymlük Super Retina XDR ekran, 120 Hz yenilənmə tezliyi, Always-On funksiyası və A19 prosessoru ilə təchiz olunub.
Cihazın baza yaddaşı 256 GB-dan başlayır. Möhkəm korpus, aktiv istifadədə tam günə çatan batareya və sürətli şarj da onun əsas xüsusiyyətləri arasındadır.
Ekspertlərin fikrincə, iPhone 17 Pro modellərinə xas bir sıra funksiyaları daha münasib qiymətə təqdim edir və tam flaqman imkanlarına ehtiyacı olmayan istifadəçilər üçün nəzərdə tutulub.
Samir


