ABŞ Konqresi süni intellekt (AI) texnologiyalarında istifadə olunan müasir çiplərin ixracına nəzarət qaydalarını sərtləşdirməyə hazırlaşır. Bu istiqamətdə müzakirələrin intensivləşməsinə "Nvidia" şirkəti və onun keçmiş rəhbəri Censen Huang ətrafında yaranan qalmaqalın təsir etdiyi bildirilir.
HİT.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, həm Demokratlar, həm də Respublikaçılar Partiyasından olan konqresmenlər süni intellekt çiplərinin ixracını məhdudlaşdıran qanun layihələrini dəstəkləyirlər. Təkliflər Konqresə bu məhsulların xarici ölkələrə satışına nəzarət etmək, zərurət yaranarsa, tədarükü dayandırmaq səlahiyyəti verilməsini nəzərdə tutur.
“Beacon Policy Advisers” konsaltinq şirkətinin baş analitiki Ouen Tedford bildirib ki, son qalmaqaldan sonra bu qanun layihələrinin qəbul olunması ehtimalı əhəmiyyətli dərəcədə artıb.
Müzakirə edilən təşəbbüslərdən biri “Uzaqdan girişin təhlükəsizliyi haqqında” qanun layihəsidir. Sənəd Çin şirkətlərinin bulud xidmətləri vasitəsilə ABŞ istehsalı olan süni intellekt çiplərinə məsafədən çıxış imkanlarını məhdudlaşdırmağı hədəfləyir.
Qeyd edək ki, "Nvidia"-nın keçmiş baş direktoru Censen Huang əvvəllər çiplərin ixracına tətbiq edilən məhdudiyyətlərin yumşaldılmasının tərəfdarı kimi çıxış edib. Lakin son hadisələrin Vaşinqtonun texnologiya ixracı siyasətində daha sərt mövqeyə keçməsinə səbəb ola biləcəyi bildirilir.
Noyabrın əvvəlində ABŞ mediası Huangın çinli iş adamı Elis Huang ilə münasibətdə olduğunu iddia edib. ABŞ xüsusi xidmət orqanlarının məlumatlarına əsaslanan həmin xəbərlərdə qadının Çin kəşfiyyatı ilə əlaqəli olduğu irəli sürülüb.
Noyabrın 12-də "Nvidia" şirkəti Huangın rəhbərlikdən getdiyini açıqlayıb. ABŞ-ın maliyyə naziri Skott Bessent isə şirkətdə köklü dəyişikliklərin aparılmasına və kənardan yeni baş direktor təyin edilməsinə çağırış edib.
Samir

