Süni intellektin mövzuları asan və anlaşıqlı şəkildə izah etməsi tələbələrdə öyrəndikləri materialı tam mənimsədikləri barədə yanlış təsəvvür formalaşdıra bilər. Araşdırma göstərib ki, neyron şəbəkələrin səlis və aydın cavabları tələbələrin öz biliklərini olduğundan yüksək qiymətləndirməsinə səbəb olur.
HİT.az xəbər verir ki, bu nəticə London Universitet Kollecinin tədqiqatçısı Çjuçji Çjanın apardığı araşdırmada üzə çıxıb. Elmi iş “Frontiers in Psychology” jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində üç ayrı eksperiment keçirilib. İlk sınaqda 264 tələbə təxminən min sözdən ibarət elmi mətni öyrənib. İştirakçıların bir qismi süni intellekt çatından istifadə edərək materialın sadələşdirilmiş izahını, nümunələrini və qısa xülasəsini əldə edib. Digər qrup isə adi tədris mətnləri ilə işləyib.
Nəticələr göstərib ki, süni intellektdən yararlanan tələbələr materialı daha asan mənimsədiklərini düşünüb və testdə daha yüksək nəticə göstərəcəklərinə inanıb. Lakin bu inam onların real bilik səviyyəsini əks etdirməyib.
İkinci eksperimentdə 360 nəfər iştirak edib. Bir qrupa məlumatlar sadə və axıcı, digərinə isə daha mürəkkəb formada təqdim olunub. Məlum olub ki, rahat oxunan izahlar tələbələrin öz biliklərinə inamını artırsa da, onların test nəticələrində heç bir üstünlük yaratmayıb. Mürəkkəb izahlarla tanış olanlar isə biliklərini daha obyektiv qiymətləndiriblər.
Üçüncü sınaqda isə bu problemin qarşısını almağın yolu müəyyənləşdirilib. 386 tələbənin iştirak etdiyi eksperimentdə onlardan süni intellektdən istifadə etdikdən sonra öyrəndiklərini heç bir kömək olmadan, öz sözləri ilə xatırlamaları istənilib. Bu üsul tələbələrin biliklərini olduğundan artıq qiymətləndirməsinin qarşısını alıb.
Tədqiqatçılar hesab edirlər ki, problem süni intellektin təhsildə istifadəsinin dayandırılmasında deyil, tələbələrin öyrəndiklərini müstəqil şəkildə yoxlamamasındadır. Buna görə də mütəxəssislər neyron şəbəkə ilə işlədikdən sonra çat pəncərəsini bağlamağı, materialı yaddaşdan danışmağı və ya kömək almadan bir neçə tapşırıq həll etməyi tövsiyə edirlər.
Araşdırmanın müəllifləri vurğulayırlar ki, süni intellektin köməyi ilə tapşırığı yerinə yetirmək həmin biliklərə müstəqil yiyələnməyin sübutu sayıla bilməz.
Samir


