İsmayıllı jurnalistlərin gözü ilə: İnkişaf, turizm və təbiətin vəhdəti bir səfərdə

TURİZM
14:50 / 23.07.2026
49

22 İyul – Milli Mətbuat Günü münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bir qrup jurnalist rayonun inkişafı, turizm imkanları və həyata keçirilən layihələrlə yaxından tanış olmaq üçün mediaturda iştirak edib.

Hit.az xəbər verir ki, media nümayəndələri İsmayıllının son illərdə əldə etdiyi uğurları və yenilənən simasını yerində müşahidə etmək imkanı qazanıblar. Mediatur çərçivəsində jurnalistlər rayonun turistlər üçün cəlbedici olan məkanlarını, tarixi yaşayış məntəqələrini və kəndlərini gəziblər.

Zəngin marşrut üzrə hərəkət edən media təmsilçiləri qədim Basqal qəsəbəsinə, eləcə də Buynuz, Qalacıq, İvanovka və Hacıhətəmli kəndlərinə baş çəkiblər. Qonaqlara bu ərazilərdə həyata keçirilən abadlıq-quruculuq və infrastruktur layihələri, fəaliyyət göstərən turizm obyektləri, yerli istehsal sahələri, eləcə də bölqənin zəngin təbii və tarixi-mədəni irsi barədə ətraflı məlumat verilib.

Səfər zamanı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov jurnalistlərlə görüşərək onları peşə bayramı münasibətilə samimi qəlbdən təbrik edib. İcra başçısı Azərbaycanda azad mətbuatın inkişafı, jurnalist fəaliyyətinə göstərilən ali dövlət qayğısı və bölgələrdə aparılan genişmiqyaslı quruculuq işlərinin cəmiyyətə obyektiv çatdırılmasında medianın müstəsna rolunu vurğulayıb. Jurnalistlər də öz növbələrində göstərilən diqqətə, qayğıya və səmimi qonaqpərvərliyə görə minnətdarlıqlarını bildiriblər.

İsmayıllıya təşkil olunan bu səfər bir daha sübut etdi ki, rayon təkcə özünün füsunkar təbiəti ilə deyil, həm də sürətlə modernləşən turizm infrastrukturu, müasir layihələri və dərin tarixi-mədəni kökləri ilə ölkənin ən perspektivli bölgələrindən biridir.

Qeyd edək ki, təşkil olunan mediaturun əsas məqsədi İsmayıllının zəngin təbiətini, tarixi-mədəni irsini, turizm potensialını və son illərdə qazanılan uğurları media vasitəsilə daha geniş auditoriyaya çatdırmaq və tanıtmaqdır.


0