Almaniya Hərbi Hava Qüvvələrinə məxsus iki “Eurofighter Typhoon” qırıcısı “British Airways” aviaşirkətinin sərnişin təyyarəsini müşayiət etmək üçün havaya qaldırılıb. Buna səbəb dispetçerlərin Kiprdən Londona uçan təyyarənin heyəti ilə radioəlaqəni itirməsi olub.
HİT.az xəbər verir ki, bu barədə UNIAN “Onet” nəşrinə istinadən məlumat yayıb.
Hadisə şənbə günü BA899 reysini yerinə yetirən “Airbus A321neo” təyyarəsi Almaniyanın hava məkanına yaxınlaşarkən baş verib. Mövcud qaydalara əsasən, ekipaj həmin ərazidəki hava hərəkətini idarəetmə mərkəzi ilə əlaqə saxlamalı olsa da, dispetçerlərin çağırışlarına cavab verməyib. Təkrar cəhdlər də nəticə vermədikdən sonra Almaniya tərəfi iki qırıcını havaya qaldırmaq qərarına gəlib.
Qırıcılar sərnişin təyyarəsini vizual olaraq müəyyənləşdirib və təxminən 15 dəqiqə müşayiət ediblər. Bundan sonra pilotlarla radioəlaqə bərpa olunub. Məlumata görə, əlaqə yenidən qurulduqdan sonra ekipajın danışığından onların xeyli narahat olduğu hiss edilib.
Buna baxmayaraq, təyyarə uçuşunu təhlükəsiz şəkildə davam etdirərək Londonun Hitrou hava limanına çatıb.
Hadisənin dəqiq səbəbi hələ məlum deyil. Ehtimallar arasında radioavadanlığında texniki nasazlıq, yanlış rabitə tezliyinin seçilməsi və pilotların dispetçerlərin çağırışlarını eşitməməsi var. Bu versiyaların heç biri hələlik təsdiqlənməyib. Təyyarədə xəsarət alanlarla bağlı da məlumat verilməyib.
Samir


