Sürətlə yeriyən insanların 6 xarakter xüsusiyyəti açıqlandı

SOSİAL
19:19 / 21.10.2026
54

Sürətlə yeriyən insanlar təşkilatçılıq, enerjililik və məqsədyönlülük kimi xüsusiyyətləri ilə fərqlənə bilərlər. Psixoloqların fikrincə, insanın yerimə tempi onun şəxsiyyət xüsusiyyətləri ilə müəyyən əlaqələrə malik ola bilər.

HİT.az xəbər verir ki, bu barədə Ukraynanın UNİAN nəşri “Upworthy”yə istinadən məlumat yayıb.

Psixoloq Kristal Kastanyosun sözlərinə görə, sürətlə yeriyən insanlar vaxtlarını daha səmərəli idarə etməyə, qarşılarına qoyduqları məqsədlərə çatmağa və işlərini planlı şəkildə yerinə yetirməyə meyilli ola bilərlər.

Mütəxəssis belə insanların altı əsas xüsusiyyətini qeyd edib.

Birinci xüsusiyyət ekstravertlikdir. Bu insanlar ünsiyyətə açıq, enerjili və sosial mühitdə fəal olmağa meyilli olurlar. İkinci xüsusiyyət isə emosional sabitlikdir. Psixoloqun fikrincə, sürətli yeriş stressə qarşı daha davamlı olmaq və problemlər üzərində həddindən artıq düşünməmək ilə əlaqəli ola bilər.

Üçüncü xüsusiyyət yeni təcrübələrə açıqlıqdır. Belə insanlar yeniliklərə maraq göstərə, fərqli təcrübələr axtara bilərlər. Dördüncü xüsusiyyət mehribanlıq və əməkdaşlığa meyillilikdir. Onlar başqaları ilə münasibətlərə əhəmiyyət verir və ünsiyyət zamanı qarşı tərəfin tempinə uyğunlaşa bilirlər.

Psixoloqun sadaladığı digər xüsusiyyətlər özünəinam və ambisiyalılıqdır. Bu şəxslər fikirlərini ifadə etməkdə, təşəbbüs göstərməkdə və qərarlarını həyata keçirməkdə daha qətiyyətli ola bilərlər. Eyni zamanda, məqsədlərinə çatmağa çalışan, vaxtın səmərəli istifadəsinə üstünlük verən insanlar kimi xarakterizə olunurlar.

Bununla belə, insanın yerimə sürəti onun xarakterini birmənalı şəkildə müəyyən etmir. Bu xüsusiyyətlər psixoloji meyillərlə mümkün əlaqələr kimi qiymətləndirilməlidir.

Samir
 

0