Dizel mühərriklərin əsas üstünlükləri nələrdir?

AVTO
17:00 / 22.09.2026
195

Avtomobil sənayesinin sürətlə elektrik və hibrid texnologiyalarına tərəf yönəldiyi müasir dövrdə daxili yanma mühərrikləri arasında dizel hələ də öz mövqeyini qorumaqda davam edir. 

İllərdir ki, sürücülər arasında “benzin, yoxsa dizel?” müzakirələri səngimək bilmir. Ona görə də Hit.az bu dəfə dizellə çalışan avtomobilin üstünlüklərini araşdırıb...


Yüksək yanacaq qənaəti
Dizel mühərriklərinin ən bariz və geniş bilinən üstünlüyü onların yanacaq sərfiyyatındakı xəsisliyidir. Dizel yanacağının enerjixaricetmə sıxlığı benzinlə müqayisədə daha yüksəkdir. Bununla yanaşı, dizel mühərriklərindəki sıxılma dərəcəsi daha böyük olduğu üçün yanacağın yanma effekti maksimuma çatır. Xüsusilə uzun məsafəli - magistral sürüşlərdə dizel avtomobilləri eyni həcmli benzin mühərrikli analoqlarından 25-35 faiz daha az yanacaq işlədir.

Yüksək tork
Dizel mühərriklərinin iş prinsipi yüksək dövrələrdə sürət yığmaqdan daha çox, aşağı dövrələrdə maksimum güc (tork) hasil etməyə hesablanıb. Bu xüsusiyyət avtomobilin yerindən rahat götürülməsini, ağır yüklərin daşınmasını, dik yoxuşların maneəsiz qət edilməsini və çətin yol şəraitində avtomobilin ilişmədən hərəkətini təmin edir. Məhz bu səbəbdən böyük ölçülü krossoverlər, pikaplar və yük maşınlarında dizel mühərriklərinə üstünlük verilir.

Mühərrikin uzunömürlülüyü
Dizel mühərrikləri daxili təzyiqin və yüksək kompressiyanın yaratdığı yükə tab gətirmək üçün daha ağır, qalın divarlı və davamlı materiallardan (adətən çuqun və ya gücləndirilmiş ərintilərdən) hazırlanır. Bu mühəndislik yanaşması mühərrikin ümumi istismar resursunu dəfələrlə artırır. Vaxtı-vaxtında lazımi texniki qulluq (yağ və filtr dəyişimi) olunduqda, dizel mühərrikləri əsaslı təmirə (kapital remont) ehtiyac duymadan 400.000 – 500.000 kilometrdən çox məsafə qət edə bilir.

Alışdırma şamlarının olmaması 
Benzin mühərriklərindən fərqli olaraq, dizel aqreqatlarında yanacaq-hava qarışığını alışdırmaq üçün vuruş şamlarına və mürəkkəb elektrik alışdırma sistemlərinə ehtiyac yoxdur. Buradakı prinsip silindrdəki havanın kəskin sıxılaraq qızması və vurulan yanacağın öz-özünə alışmasıdır. Bu da alışdırma sistemində baş verə biləcək elektrik nasazlıqlarını və əlavə ehtiyat hissəsi xərclərini aradan qaldırır.

Təkrar satış dəyəri və ikinci əl bazarındakı tələbat
Avtomobilini uzun müddət sürdükdən sonra satmaq istəyən sürücülər üçün dizel modelləri maliyyə baxımından daha sərfəli olur. İkinci əl avtomobil bazarında, xüsusilə böyük həcmli və işçi avtomobillər seqmentində dizel modelləri öz dəyərini daha yaxşı qoruyur və alıcısını daha tez tapır.

Karbon emissiyasının aşağı olması
Müasir dizel hissəcik filtri və AdBlue (SCR) sistemləri ilə təchiz olunmuş rejimdə çalışan dizel mühərrikləri atmosferə benzin mühərrikləri ilə müqayisədə daha az karbon dioksid qazı buraxır. Bu da qlobal istiləşməyə qarşı mübarizədə dizelin müəyyən üstünlüyünü ortaya qoyur.

Əgər ildə böyük məsafələr qət edirsinizsə, tez-tez magistral yollara çıxırsınızsa və ya avtomobildən yük/çəki tələb edən tapşırıqlar üçün istifadə edirsinizsə, dizel mühərrikli nəqliyyat vasitəsi həm iqtisadi, həm də funksional baxımdan ən optimal seçimdir.

Pərviz

0