"Chezhiwang" platformasının və "Car Research" konsaltinq şirkətinin ekspertləri Çində avtomobillərin keyfiyyəti ilə bağlı araşdırmanın nəticələrini açıqlayıb və ilin ən yaxşı modellərini müəyyənləşdiriblər.
HİT.az xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında "Chezhiwang" platformasında avtomobillərlə bağlı 180 min şikayət qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,46 faiz çoxdur. Müraciətlərin 77 faizindən çoxu avtomobillərin keyfiyyəti, xüsusilə salonun "ağıllı" funksiyaları, sürücüyə yardım sistemləri və elektrik sistemi ilə bağlı olub. Bununla yanaşı, benzin mühərrikləri və avtomobillərin eksteryeri üzrə göstəricilərdə yaxşılaşma müşahidə edilib.
Mükafatlandırma mərasimində ekspertlər müxtəlif seqmentlər üzrə liderləri açıqlayıblar. Kütləvi benzin mühərrikli sedanlar arasında "Volkswagen" və "FAW" birgə müəssisəsinin "Volkswagen Passat" modeli ən yaxşı seçilib. İlin premium sedanı "Audi" və "SAIC" şirkətlərinin "Audi A5L Sportback" modeli olub.
Yolsuzluq avtomobilləri seqmentində Çin markalarını "GWM" şirkətinin "Tank 300" modeli, birgə müəssisələri isə "FAW Toyota"nın "Toyota Highlander" modelinin "əkiz"i olan "Crown Kluger" təmsil edib.
İlin premium krossoveri "Cadillac XT5", ən yaxşı miniven "GAC M8", pikaplar arasında isə "Maxus Interstellar X" seçilib.
Elektrik avtomobilləri seqmentində liderlər ucuz minik elektromobilləri arasında "Wuling Bingo", orta qiymət kateqoriyasında "Roewe D6", bahalı elektromobillər arasında isə "Li Auto i6" olub.
"Semi-premium" kateqoriyasında "Voyah Dream+" qalib gəlib. Lüks elektromobillər arasında isə "Xiaomi SU7 Ultra" idman avtomobili fərqlənib.
Orta qiymət seqmentində qoşulan hibridlər arasında ən yaxşı model "Hongqi HS6 PHEV", daha bahalı kateqoriyada isə "BYD Fang Cheng Bao Ti 7" seçilib.
"Semi-premium" hibridlər sinfində Almaniyanın "Volkswagen" şirkəti ilə "SAIC" tərəfindən istehsal olunan "Volkswagen ID. Era 9X" qalib olub. Ən yaxşı lüks hibrid isə "Buick Century" seçilib.
Samir


