Sülh üçün iki TƏKLİF: Zelenski də razıdır

DÜNYA
13:58 / 17.03.2022
2020

Rusiya-Ukrayna müharibəsinin 22-ci günüdür. Tərəflər arasında danışıqlar davam etsə də, hələ ki real nəticələr əldə olunmayıb. Rusiya tərəfi müharibənin bitməsi üçün Ukraynaya müxtəlif təkliflər irəli sürüb. Kiyevə ünvanlanan təkliflərdə Ukraynanın neytrallığı prioritet götürülüb.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ukraynanın neytrallığı İsveç və Avstriya modelləri əsasında razılaşdırıla bilər. Ukrayna isə qarant dövlətlər modelinin müzakirə edildiyini açıqlayıb.

Niyə məhz bu iki model ortaya qoyulub?

Bu barədə Modern.az-a danışan politoloq Elxan Şahinoğlunun fikrincə, Rusiyanın Ukraynaya təqdim etdiyi İsveç və Avstriya modeli ilə bağlı təklifin mənası odur ki, İkinci Dünya Müharibəsindən sonra bu ölkələr heç bir hərbi bloka qoşulmadılar, bu da SSRİ-nin və bütövlükdə rusların maraqlarına xidmət edirdi.

“Daha çox Finlandiya modelindən danışılır. O da nə NATO-nun, nə də başqa hərbi blokun üzvüdür. Baxmayaraq ki, Rusiyanın Finlandiyanı işğalından sonra Finlandiya dəyişərək daha çox NATO tərəfdarı kimi çıxış edir. Ancaq hələ də neytral statusu var”, - deyə E.Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, artıq Zelenski neytrallığa razıdır: “Ukraynanın neytrallığına artıq Zelenski etiraz etmir. Ancaq o, bunun fərqli bir neytrallıq olmasının tərəfdarıdır. Yəni neytrallığı sadalanan Avropa dövlətlərindən fərqli olaraq, bundan sonra Ukraynaya elə təminat verilməlidir ki, Rusiya bir daha hücum etməsin”.

E.Şahinoğlu hesab edir ki, ancaq belə təminat verilsə belə, Rusiyanın bunu yerinə yetirəcəyinə inanmır:

“Çünki ortada 1994-cü il Budapeşt sazişi var. Sazişə görə Ukraynada keçmiş sovetlərə bağlı nüvə silahları çıxarılaraq Rusiyaya daşınıb, onun əvəzinə Rusiya sazişdə Ukraynanın ərazi bütövlüyünü tanıyacağının təminatını verib. Ancaq 2014-cü ildə Krımın ilhaqınının şahidi olduq. İndi də Rusiyanın faktiki olaraq Ukraynaya girib, oranı darmadağın etdiyini görürük. Yəni Rusiya ilə hansısa saziş imzalansa da, bunun yerinə yetiriləcəyinin təminatı yoxdur”.

1