Putinin Baxmut planı: Hər şey ssenarinin tərkib hissəsi idi?

DÜNYA
12:57 / 23.05.2023
356

Aylardır ki, Baxmut şəhəri Rusiya-Ukrayna müharibəsinin əsas diqqət mərkəzidir.

Rusiya ötən ildən etibarən şəhəri ələ keçirməyə çalışırdı. Hətta bunun üçün çox ciddi itkilər verdilər. Son məlumatlara əsasən, Rusiyanın təkcə Baxmutda ölən hərbçilərinin sayı 100 mini keçib. Bu, həddindən artıq böyük rəqəmdir. Üstəlik, Baxmut uğrunda gedən döyüşlərdə saysız-hesabsız hərbi texnikanın da məhv olduğunu qeyd etmək lazımdır. Hansı ki, onların da dəyəri milyonlarla ölçülür. 

Hərbi ekspertlər Baxmutun mühüm strateji əhəmiyyətə malik olmadığını bildirsələr də, Kremlin planları bunun əksini deyirdi. Axı Rusiya bu balaca şəhər üçün niyə bu qədər itki verdi? Əslində, rəsmi Moskvanın Baxmutu hədəf seçməsindəki məqsədi strateji əhəmiyyət deyil. Belə ki, Rusiya dıyüşləri Baxmutda apararaq, Ukrayna Silahlı Qüvvələrini orada qarşıladı. Bu isə əsas hədəf olan Donetsk və Luqanskı qorumaq demək idi. Yəni Vladimir Putin ordusuna ukraynalıları Donbasdan maksimum öndə qarşılamağı tapşırmışdı. Onlar, bununla da sanki bir bufer zona yaratmış oldular. Məsələyə bu cəhətdən yanaşdıqda, Baxmutdakı döyüşlərin niyə 224 gün getdiyini anlaya bilərik. Prinsipcə, rus ordusu elə balaca şəhəri bir neçə ay ərzində işğal edə bilərdi. Amma məqsəd Baxmutdakı döyüşləri maksimum uzatmaq, Ukrayna hərbçilərini orada qarşılamaq və qarşı tərəfi mümkün qədər canlı və hərbi qüvvə baxımından mümkün itki verdirmək idi. "Vaqner" özəl hərbi şirkəti Baxmutda sözün əsl mənasında bir bataqlıq yaradaraq, Ukraynanı ora düşməyə vadar etdi.

Burada fərqli bir məqama da aydınlıq gətirmək lazımdır. Sual yarana bilər ki, son həftələrdə Rusiyanın Baxmutdan geri çəkilməsi və Ukrayna Ordusunun hər keçən gün irəliləməsi ilə bağlı xəbərlər niyə yayılırdı? 

Xatırlayırsınızsa, Ukrayna tərəfi hər gün Baxmutun 1-2 kilometrini işğaldan azad etdiyini açıqlayırdı. Hətta son açıqlamalarda bu rəqəm 5 kilometri belə keçmişdi. Eyni zamanda, rus əsgərlərinin qaçdığına dair görüntülər də yayılırdı. Bütün bunlarla yanaşı, "Vaqner"in qurucusu və rəhbəri Yevgeni Priqojinlə Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında gərginlik yaşanırdı. Priqojinin açıq şəkildə Şoyqunu və Rusiya Müdafiə Nazirliyinə tabe olan əsgərləri sərt tənqid etdiyinin şahidi olurduq. İş o yerə çatmışdı ki, Vladimir Putin ilə Yevgeni Priqojinin də münasibətlərinin pozulduğuna dair xəbərlər yayılırdı. Hətta bir ara Putinin Priqojinin ölüm əmrini verdiyi və "Vaqner"ə şəxsən özünün nəzarət edəcəyi kimi iddialar səsləndirilirdi. Dünyadakı bütün media qurumları və ekspertlər hadisələri rusların Baxmutda məğlubiyyətə doğru getdiyini, onların qaçdığını və Rusiyanın hərbi-siyasi elitasında ciddi gərginlik yaşandığı kimi şərh edirdilər. 

İndi gəldiyimiz nöqtə isə son günlər yaşananlar ilə tərs mütənasibdir. Faktiki olaraq, "Vaqner" Baxmutu işğal etdiyini rəsmən elan edib. Ukrayna tərəfi bunu inkar etməsinə rəğmən, Vladimir Putin də bu barədə hərbçiləri təbrik edib. Onu da əlavə etmək lazımdır ki, Yevgeni Priqojin "Vaqner"in Baxmut missiyası başa vurduğunu və şəhəri Rusiya Müdafiə Nazirliyinin əsgərlərinə təhvil verərək tərk edəcəklərini bəyan edib. Uzun sözün qısası, Rusiyanın Baxmutu ələ keçirdiyi görünür. 

Bəs son günlər baş verənlərin səbəbi nə idi?

İndi dönüb geriyə baxdığımız zaman rusların Baxmutdan qaçdığı, məğlub olduğu və hətta Priqojin ilə Şoyqu arasındakı gərginliyin əvvəlcədən düşünülmüş bir planın tərkib hissəsi olduğunu ehtimal etmək olar. Görünür, Rusiya Müdafiə Nazirliyi taktiki olaraq geri çəkildilərini deyəndə ipucu da veribmiş. Baxın, bu ehtimal heç də əsassız deyil. Əgər son günlər deyilənlər doğru olsaydı "Vaqner"in o şərtlər altında bir günə Baxmutu işğal etməsi mümkün olmazdı. Çünki tamamilə fərqli xəbərlərin getdiyi bir vəziyyətdə Priqojin anidən çıxıb şəhəri ələ keçirdiklərini dedi. Nə hikmətdirsə, onun ardında Priqojin-Şoyqu gərginliyi başda olmaqla, Rusiya hərbçiləri arasındakı bütün problemlər anidən dayandı. Belə çıxır ki, Vladimir Putin Baxmutdakı döyüşlərdə sağ göstərib, sol vurub. Son baş verənlərə və yekun nəticəyə baxdığımız zaman bütün proseslərin bir ssenarinin inkişaf xətti üzrə cərəyan etdiyini görə bilərik...

Pərviz

0