Ötən həftə Rusiya vətəndaşlarının ölkədən çıxışını məhdudlaşdıran qanun Dumada qəbul edildi.
Bu isə ağıllara növbəti səfərbərlik ehtimalını gətirdi. Çünki bu qərarla paralel yaşanan proseslər insanları belə düşünməyə vadar etdi. Nəzərə almaq lazımdır ki, ötən həftə həm də Belqoroda hücum oldu. Bir az dərindən düşünəndə Belqoroda hücumla və rus vətəndaşlarının ölkədən çıxışın məhdudlaşdırılması arasında əlaqə tapmaq mümkündür.
Daha öncə də yazdığım kimi, Belqoroda hücumun Vladimir Putin tərəfindən hazırlanan ssenari olduğu görünür. Düzdür, daha sonra ukraynalı diversantlar də şəhərə daxil oldular, amma Kreml də məhz bunu hesablanmışdı. Hadisələrin necə cərəyan etdiyini daha dəqiq görmək üçün proseslərə ən başından baxaq. İlk öncə Belqoroda dronlarla zərbələr endirildi. Rəsmi Moskva hücumun arxasında Ukraynanın dayandığını, habelə yaralı və ölənlərin olduğunu açıqladı. Təbii ki, rəsmi Kiyev bunu dərhal təkzib etdi. Əslində haqlı idilər, çünki hücumu onlar etməmişdi. Ardınca Rusiya Belqorodda əhalini təxliyə etməyə başladı və sanki şəhər hərbi əməliyyatlar üçün hazır vəziyyətə gətirildi. Sonra isə özlərini "Rusiyaya Azadlıq" legionu adlandıran bir qruplaşma ortaya çıxdı. Beləliklə, bütün dünyada artıq rusların ruslara qarşı vuruşduğuna dair xəbərlər dərc olunmağa başladı. İndiyə kimi Rusiyanın digər ölkələrdə etdiyi ssenarini özünə qarşı olunduğu və şəhərin müdafiəsinin zəif olduğu görüntüsü yaradıldı. Bir qrup ukraynalı diversant isə bunu "fürsət" hesab edərək şəhərə daxil oldular. Bəli, rusların da istədiyi tam olaraq bu idi. Sonda şəhərdə əməliyyatlar başladı və onlar Rusiya hərbçiləri tərəfindən öldürüldülər. Bununla da, Kreml Ukraynanın Rusiya ərazilərinə daxil olduğunu bütün dünyaya göstərdi və adekvat cavab veriləcəyini açıqladı.
İndi sual yarana bilər ki, Rusiya bütün bunları hansı məqsədlə etdi?
Burada üç əsas amil ön plana çıxır. Birincisi, son dönəmlərdə rus xalqı arasında Ukraynada aparılan müharibə sorğulanmağa və etirazla qarşılanmağa başlamışdı. Putin bu planı ilə göstərməyə çalışdı ki, guya Ukraynaya cavab verilməsə, onlar Rusiya şəhərlərinə daxil olaraq, terror aktları həyata keçirəcəklər. Daha öncə Kremlə hücum ssenarisə də məhz bu oyunun tərkib hissəsi və başlanğıcı idi. Heç kimə sirr deyil ki, Vladimir Putin indi Ukraynada apardığı müharibəni 1941-1945-ci il müharibəsinə bənzədir. O, özü bunu gizlətməyərək hətta Ukraynanı faşistlikdə ittiham edir. Əskik olan tək şey isə xalqın tam dəstəyini ala bilməməsi idi. Ona görə də belə addımlara əl atır.
İkincisi, Vladimir Putin növbəti dəfə ölkədə səfərbərlik etmək istəyir. Onun uzun müddətdir bu barədə düşündüyü dəfələrlə xarici mətbuatda yer alıb. Hətta Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov tərəfindən də sözügedən iddia bir neçə dəfə təkzib olunub. Xatırlayırsınızsa, ötən ilin sentyabr ayının sonunda elan olunan birinci səfərbərlik qərarında ruslar kütləvi şəkildə ölkədən qaçmağa başlamışdılar. Kreml belə halın təkrar yaşanmasını önləmək üçün əvvəlcədən vətəndaşların ölkə xaricinə çıxışını məhdudlaşdırdı. Belqoroda da hücumla da xalqın və dövlətin təhlülədə olduğunu göstərməyə çalışdı. Bu səbəbdən də qarşıdakı həftələrdə Putin tərəfindən növbəti səfərbərlik qərarının verilməsi sürpriz olmayacaq. Onu da nəzərə almaq lazımdır ki, Ukrayna tərəfi artıq əks-hücum əməliyyatlarına başladığını açıqlayıb. Bu isə o deməkdir ki, Rusiya da buna həmlə etməlidir.
Üçüncü amil isə Kremlin Xarkov planıdır. Rusiya Belqorodun təhlükədə olduğunu və bir daha belə hücum yaşanmaması üçün hücuma keçəcək. Hədəf isə Belqorodla həmsərhəd olan, Putinin müharibənin başından bəri istədiyi Xarkov şəhəridir. Olduqca strateji əhəmiyyətə malik şəhərə hücum isə Belqoroddan başlayacaq. Qarşıdakı aylarda rus ordusu şəhəri işğal etsə, Belqoroda münkün hücumların qarşısını almaq üçün bu addımı atdığını və hətta Xarkovda tampon bölgə yaratmaq istədiyini deməsi də sürpriz olmayacaq.
Bax belə, müharibə şahmat oyununa bənzəyir və bütün həmlələr konkret hədəflərə hesablanır. Tarixdəki müharibələrə də baxdığımız zaman, hər addımın hansısa nəticəyə gətirib çıxardığını görmək mümkündür. Ukrayna-Rusiya müharibəsi Putinlə Qərb arasındakı şahmat oyununa bənzəyir...
Pərviz