“Türk Söhbəti”nin budəfəki qonağı beynəlxalq münasibətlər üzrə ekspert Damla Taşkındır.
O, dünyanın siyasi gündəmi ilə bağlı suallarımızı cavablandırdı. Xüsusilə Rusiya-Ukrayna və ABŞ-İran müharibəsi ətrafında danışdıq. Həmçinin, İsraildə 27 oktyabrda keçiriləcək parlament seçkiləri və Türkiyə-İsrail gərginliyini müzakirə etdik.
- Damla xanım, son günlərdə ABŞ rəsmiləri həm Rusiya, həm də Ukrayna rəhbərliyi ilə danışıqlar apardı. Sizcə, bu danışıqlar prosesi müharibənin bitməsinə səbəb olar?

- Bəli, Rusiya ilə Ukrayna arasında yenidən danışıqlar prosesinin başlayacağını gözləyirəm. Çünki müharibənin iqtisadi və hərbi xərcləri yalnız iki tərəfi deyil, Ukraynanı maliyyələşdirən Avropa ölkələrini və Qərbin müdafiə sənayesini də getdikcə daha çox çətinliyə salır. Bu səbəbdən müharibənin müddətini qısaltmağa yönəlmiş beynəlxalq çağırışların artması gözlənilə bilər.
Lakin danışıqların başlaması qısa müddətdə daimi sülhün təmin ediləcəyi mənasına gəlmir. Ərazilərin statusu və Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri kimi təməl məsələlərdə hər iki tərəf güzəştə getməyə hazır görünmür.
- Yəni Rusiya-Ukrayna müharibəsi bu il başa çata bilər?

- Xeyr, müharibənin bu il ərzində tamamilə başa çatacağını düşünmürəm. Mövcud şəraitdə prosesin ən azı bir il yarım və ya iki il kimi fərqli intensivliklərdə davam etməsi daha güclü ehtimaldır. Çünki hər iki tərəf müharibəni dayandıracaq güzəştləri etməyə hələ hazır deyil. Müharibə artıq yalnız cəbhədə aparılan konvensional mübarizə olmaqdan çıxıb.
Hibrid taktikaların, uzaqmənzilli hücumların və hətta taktiki nüvə imkanlarının müzakirə olunduğu təhlükəli bir həddə çatb. Rusiyanın raket və dron imkanlarını artırması, Ukraynanın isə hücumları Rusiyanın daxili bölgələrinə keçirməsi müharibənin təsir dairəsini genişləndirir. Dron hücumlarının mülki yaşayış məntəqələrinə və kritik infrastruktura yönəlməsi də qısamüddətli sülhdən çox uzunmüddətli yorma müharibəsinə işarə edir.
- Müharibədən danışmışkən, İranı da soruşum. Bəs ABŞ-İran müharibəsinin nə zaman bitəcəyini düşünürsünüz?

- Hazırda ABŞ-İran müharibəsinin qısamüddətli dövrdə başa çatacağına dair güclü bir işarə görmürəm. Tərəflər son dərəcə sərt və güzəştsiz mövqe nümayiş etdirirlər. Bu səbəbdən müharibənin uzanması və zaman keçdikcə hərbi münaqişənin iqtisadi sanksiyalar, enerji təhlükəsizliyi, dəniz yolları və proksi qüvvələr vasitəsilə aparılan fərqli bir mübarizə formasına çevrilməsi mümkündür.
- Tərəflər arasındakı gərginliyi azaltmaq üçün ilk olaraq hansı addım atılmalıdır?
- Məncə, həll edilməsi lazım olan təməl məsələlərdən biri Hörmüz boğazının nəzarət sistemidir. Hörmüzdəki beynəlxalq dəniz hüququ tənzimləmələrinin mövcud böhran şərtlərinə uyğun olaraq yenidən nəzərdən keçirilməsi, birgə nəzarət və təhlükəsizlik mexanizminin qurulması və zəmanətçi ölkə modelinin işlənib hazırlanması labüddür.
Hərçənd ki, bunun qısa müddətdə baş tutması asan deyil. Lakin ortamüddətli dövrdə, məsələn, ilin sonuna doğru tərəflərin hansı şərtlərlə razılaşa biləcəyinin daha da aydınlaşa bilər.
- İsraildə isə parlament seçkiləri yaxınlaşır. Son anketlərə əsasən, hazırkı Baş nazir Benyamin Netanyahunun reytinqi çox aşağıdır. Buna rəğmən, onun seçkini qazanma ehtimalı varmı?

- Benyamin Netanyahunun yenidən qazanmaq ehtimalı tamamilə aradan qalxmayıb, lakin işi kifayət qədər çətin görünür. Son rəy sorğularında “Yashar” partiyasının sədri Qadi Eyzenkot cəbhəsinin 55 mandatdan 51-ə gerilədiyi, Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyasının isə 51-dən 52-yə yüksəldiyi görünür. Buna baxmayaraq, hər iki blok hökumət qurmaq üçün tələb olunan 61 mandata çata bilmir.
İsrail uzun illərdir koalisiyalarla idarə olunur. “Likud”un təkbaşına hakimiyyətə gələ bilməməsi Netanyahunu Ben-Qvir və Smotriç kimi ifrat sağçı liderlərlə ittifaq qurmağa məcbur etmişdi. Lakin bu gün ifrat sağ blokda başlayan fikir ayrılıqları Netanyahunun ən çox çətinlik çəkdiyi məsələlərdən birinə çevrilib.
Ben-Qvirin birləşmə çağırışlarına cavab verməməsi səslərin parçalanmasına və bəzi sağ partiyaların seçki baryerinin altında qalmasına səbəb ola bilər. Netanyahu blokunun 61 mandata çatmaq ehtimalı belə aşağı görünərkən, seçki yaxınlaşdıqca təhlükəsizlik böhranları bəhanə gətirilərək seçkilərin təxirə salınmasına yönəlmiş addımların atıla biləcəyini də fikirləşirəm.
- Son zamanlarda Türkiyə ilə İsrail arasındakı vəziyyət çox gərgindir. İki ölkənin xüsusilə Suriyada toqquşa biləcəkləri barədə ehtimallar səsləndirilir. Siz necə düşünürsüz, Türkiyə ilə İsrail arasında hər hansısa hərbi toqquşma riski var? Xüsusilə tərəflərin Suriyada qarşı-qarşıya gəlmə ehtimalı nə qədərdir?
- Türkiyə ilə İsrailin Suriya ərazisində birbaşa hərbi toqquşmaya girmək ehtimalını kifayət qədər aşağı dəyərləndirirəm. Türkiyənin bölgədə çoxsaylı iqtisadi və strateji maraqları var. Eyni zamanda, ABŞ ilə təhlükəsizlik əməkdaşlığını artırmaq ehtiyacı da davam edir. Bu səbəbdən Türkiyənin rasional və sülhpərvər diplomatiyasını İsrailə görə iqtisadi maraqlarını və ABŞ ilə əlaqələrini riskə atacağını zənn etmirəm.
Lakin bu vəziyyət İsrail ilə bölgə ölkələri arasındakı gərginliyin başa çatacağı mənasına gəlmir. Üstəlik, yaxın tarixdə region ölkələri arasında diplomatik gərginliyin yüksəldiyi bir çox dövrə şahid olmuşuq.

Qəzza, Livan, İran və Suriya böhranları da münasibətlərin daha da gərginləşməsinə və diplomatik kanalların daralmasına səbəb oldu. İsraildəki seçkiləri yaxınlaşdıqca Netanyahu hökumətinin öz seçici bazasına xitab edə bilmək üçün populist və təhlükəsizlik yönümlü ritorikasını daha da sərtləşdirməsi mümkündür.
- Netanyahu seçkiləri və daxili auditoriyanı nəzərə alaraq vəziyyəti gərginləşdirir?
- Bəli, Netanyahu seçkiləri yenidən qazanmaq üçün Türkiyəni hədəf göstərərək vəziyyəti gərginləşdirir. Onun üçün seçkidə qalib gəlmək həm siyasi gələcəyini qorumaq, həm də üzərindəki hüquqi təzyiqləri təxirə salmaq üçün həyati əhəmiyyət kəsb edir. Bu səbəbdən ən çox istifadə etdiyi seçki strategiyalarından biri olan “düşmən və terror təhlükəsi” qavrayışı üzərindən seçicini bir arada saxlamaq siyasətini yenidən görürük.
Türkiyənin güclənən regional və qlobal rolu ilə “Məkkə Sazişi” üzərindən həyata keçirdiyi sülh diplomatiyası İsrailin ekspansionist siyasətinin qarşısında durur. Netanyahunun da bu mənzərəni seçki kampaniyasında irrasional şəkildə Türkiyə əleyhinə ritorikaya çevirməyə çalışacağını düşünürəm.
Nəticə etibarilə, birbaşa hərbi toqquşmadan daha çox Suriya meydanında nəzarət olunan gərginlik, dolayısı rəqabət və getdikcə sərtləşən siyasi ritorika daha güclü ehtimal kimi qarşımıza çıxır.
Elmir Mustafa


