Romada qədim Roma dövrünə aid, ehtimal ki, ən böyük freska və mozaika komplekslərindən biri ictimaiyyətə təqdim edilib.
HİT.az xəbər verir ki, AP-ın məlumatına görə, söhbət eramızın I əsrində yaradılmış dənizkənarı şəhər təsvirindən gedir.
Artefaktlar vaxtilə dünyanın ən böyük ictimai hamam kompleksinə çevrilmiş ərazidə aşkarlanıb.
Roma meri Roberto Qualtyeri bu yaxınlarda bərpa edilmiş "Rənglənmiş şəhər" freskasını və "Böyük mozaika"nı təqdim edib. Onlar 1990-cı illərdə Kolizeyin yaxınlığında, Oppio təpəsində yerləşən Trayan termalarının ərazisində aparılan arxeoloji qazıntılar zamanı yeraltı qalereyada aşkar edilib.
Bu əsərlər ilk dəfə olaraq ziyarətçilərin üzünə açılıb. İlkin mərhələdə abidələrə 15 nəfərədək kiçik qrupların baxmasına icazə veriləcək və ziyarətlər yalnız həftəsonları sınaq rejimində təşkil olunacaq. Mütəxəssislər daha geniş turist girişinə icazə verməzdən əvvəl qədim əsərlərin artan rütubətə və iqlim amillərinin təsirinə necə reaksiya verdiyini yoxlamaq istəyirlər.
Qualtyerinin sözlərinə görə, freskada quşbaxışı görünüşündə divarlarla əhatə olunmuş liman şəhəri təsvir edilib. Onun bildirdiyinə görə, bu, Qədim Romada məlum olan bu tipli ən böyük divar freskasıdır. Buna görə də əsərin geniş ictimaiyyət üçün əlçatan olması vacibdir.
"Bu əsərlər həm bədii gözəlliyi, həm də tarixi və sənədli əhəmiyyəti baxımından dünya miqyasında həqiqətən unikal abidələrdir", – mer təqdimat zamanı bildirib.
Romanın mədəni irsin qorunması idarəsinin rəhbəri Klaudio Parizi Presiççe əzəmətli şəhər təsvirinin nə dərəcədə yaxşı qorunduğuna diqqət çəkib. Freskada binalar, teatr və məbəd, ictimai meydanlar və qüllələr aydın şəkildə görünür.
"Burada məhz hansı şəhərin təsvir olunduğunu bilmirik, lakin onun, şübhəsiz ki, çox məşhur bir şəhər olması lazım idi", – o qeyd edib.
Digər mühüm kəşf isə təxminən 15 metr hündürlüyündə olan mozaikadır. Dörd səviyyədən ibarət əsər mürəkkəb dekorativ kompozisiyalar, sütunlar, memarlıq elementləri və fiqurlarla bəzədilib. Yuxarı mərtəbələr teatr səhnəsini xatırladır.
Bu arada, son bərpa işləri zamanı mütəxəssislər aşağı hissədə başqa bir liman şəhərinin təsvirinə aid ornamentlər də aşkarlayıblar. Beləliklə, bərpa işləri yalnız əvvəldən məlum olan fraqmentlərin qorunmasına deyil, qədim əsərin yeni detallarının üzə çıxarılmasına da imkan verib.
Trayan termaları imperator Trayan tərəfindən eramızın 109-cu ilində təntənəli şəkildə istifadəyə verilib. Kompleks təxminən altı hektar ərazini əhatə edirdi və həmin dövrdə dünyanın ən böyük termal kompleksi hesab olunurdu.
Tikinti zamanı termaların ərazisinə imperator Neronun "Qızıl evi" – "Domus Aurea" ilə əlaqəli daha əvvəlki hamam kompleksinin bir hissəsi də daxil edilib.
Memarlar yeni kompleksi fərqli istiqamətdə layihələndiriblər. Məqsəd suyun temperatur fərqlərindən daha səmərəli istifadə etmək və su prosedurları zamanı ziyarətçilərin rahatlığını maksimum dərəcədə artırmaq olub.
Trayan termaları yalnız çimmək üçün nəzərdə tutulmuş məkan deyildi. Kompleks müxtəlif funksiyaları birləşdirirdi. Burada insanlar idmanla məşğul ola, istirahət edə, çimə və mədəni tədbirlərdə iştirak edə bilirdilər.
Hazırda ziyarətçilər üçün açıq olan hissələr arasında yuxarı səviyyədə yerləşən böyük yarımdairəvi "kitabxana" da var. Arxeoloqlar hesab edirlər ki, bu məkan termal kompleksin bir hissəsi olub və ziyarətçilərə yalnız fiziki məşqlər etmək və çimməklə deyil, həm də mədəni tədbirlərdə iştirak etməklə bağlı imkanlar yaradıb.
Samir


