ABŞ və Avropa İttifaqının ermənipərəst siyasət yürütməsinin arxasında nə dayanır? - ŞƏRH

13:31 / 16.11.2023
595

"ABŞ və Rusiya arasında Ukraynada baş verən qarşıdurmanı Ermənistanın üzərindən Qafqaza daşımaq istəyirlər".

Bu sözləri politoloq Turab Rzayev HİT.az-a açıqlamasında bildirib.

O deyib ki, ABŞ və Avropa İttifaqı Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılmasına çalışır:

"Həmçinin, Ermənistanın sərhədlərini qoruyan rus əsgərlərinin də oranı tərk etməsini hədəfləyirlər. Onlar istəyirlər ki, Paşinyan hakimiyyəti bunlara nail olsun. Bütün bunların fonunda, ABŞ və Avropa İttifaqı Ermənistanda möhkəmlənməyə çalışır. ABŞ-ın Ermənistanda hərbi təlimlər keçirməsini, habelə Avropa İttifaqının mülki missiyası adı altında orada Fransa və Almaniya əsgərləri olduğunu nəzərə almaq lazımdır. Burada əsas məqsəd Ermənistanda Rusiyaya qarşı yeni cəbhə açmaqdır".

Politoloq ABŞ və Avropa İttifaqı tərəfindən Azərbaycana qarşı bəyanatlar səsləndirilməsi məsələsinə də toxunub:

"Onlar Azərbaycanı öz məqsədləri qarşısında bir mane kimi görürlər. Çünki, ABŞ və Avropa İttifaqı Ermənistan ərazisində möhkəmlənmək, eləcə də Qarabağda beynəlxalq nəzarət qrupu qurmaq istəyirdilər. Azərbaycan Ordusunun lokal antiterror əməliyyatları həyata keçirməsi və 23 saat ərzində ərazi bütövlüyünü təmin etməsi onların planlarını pozdu. Həmçinin, erməni icmasının könüllü şəkildə Ermənistana köçü də sözügedən qüvvələrin Qarabağla bağlı planlarının üzərindən xətt çəkdi.

İndi isə ABŞ və Avropa İttifaqı düşünür ki, Azərbaycanla Ermənistan arasında yeni bir münaqişə başlaya bilər. Bu münaqişə nəticəsində isə Rusiyanın Ermənistana təzyiq edərək, Nikol Paşinyanı devirə biləcəyindən ehtiyat edirlər. Bu isə onlar üçün fəlakət ssenarisi və Qafqazdakı mövqelərini itirmək deməkdir. Buna görə Azərbaycana qarşı bəyanatlar səsləndirirlər". 

Ekspertin sözlərinə görə, Qərb Azərbaycan, Ermənistan, Ukrayna, Gürcüstan kimi ölkələrin Rusiyaya qarşı çıxmasını istəyir:

"Yəni Qərb Rusiya üçün yeni problemli bölgələr yaratmaq istəyir. Azərbaycan isə bu planlarda iştirak etmir. Rəsmi Bakı bu məsələlərdə neytral qalır. Yəni nə Rusiyanın yanında yer alırıq, nə də Qərbun yanında Moskvaya qarşı cəbhə açmırıq.

Məsələn, Ukraynanın ərazi bütövlüyünü tanıyırıq, ora yardım göndəririk, amma Rusiya ilə də əlaqələrimizi saxlayırıq və sanksiyalara qoşulmuruq. Bu məsələdə Türkiyə ilə də mövqeyimiz üst-üstə düşür. Bu isə Qərbi narahat edir. Hesab edirəm ki, təzyiqlərin bir səbəbi də budur".

Pərviz

0